Azərbaycan Olimpiya qızılını 2931 gün gözləməli olub.
İdman.biz xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu olan Hidayət Heydərova qədər sonuncu qalibimiz Radik İsayev olub.
Taekvondoçu Rio-2016-da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. +80 kq çəkidə çıxış edən idmançı 2016-cı il avqustun 20-də bütün rəqiblərini məğlub edib.
Tokio-2020-də qızıl əldə olunmadığı üçün növbəti uğur Fransa paytaxtına qədər gözlənilib. 73 kq çəkidə mübarizə aparan Hidayət 2931 günlük həsrətə son qoyub.
Bu, həm də iyulun 29-da qazanılan ilk medal kimi tarixə düşüb. Düzdür, London-2012-də Valentin Xristov məhz iyulun 29-da fəxri kürsüyə qalxıb. Amma ağırlıqqaldıranımızın bürüncü sonradan dopinqə görə əlindən alınıb.
Qeyd edək ki, həm Radik, həm də Hidayət olimpiya, dünya və Avropa çempionu titullarına sahibdir. Hər üç yarışda qızıla sevinən Azərbaycan idmançılarının sayı isə 4-ə bərabərdir. Son iki olimpiya çempionumuzdan başqa, stend atıcısı Zemfira Meftəhətdinova və sərbəst güləşçi Şərif Şərifov bunu bacarıb.
İdman.biz