Azərbaycanı Türkiyənin İstanbul şəhərində 7-ci dəfə təşkil olunacaq Avropa Gənclər Paralimpiya Oyunlarında təmsil edəcək idmançılar müəyyənləşib.
İdman.biz xəbər verir ki, Avropa Gənclər Paralimpiya Oyunlarında Azərbaycan Milli Paralimpiya komandası debüt edəcək.
Paralimpiyaçılarımız 9 idman növü üzrə keçiriləcək oyunların 7 növündə – parataekvondo, paracüdo, paraatletika, paraüzgüçülük, parakamandan oxatma, parastolüstü tennis və boccia – 17 idmançı (11 kişi və 6 qadın) ilə təmsil olunacaq.
33 ölkədən 700-ə yaxın idmançının iştiraki ilə təşkil olunacaq yarışlarda ölkəmizi parataekvondoda K44 kateqoriyası üzrə Sabir Zeynalov (58 kq), Ayxan Nuruyev (58 kq), Amin Əliyev (63 kq), Amin Şıxalıyev (63 kq), İmran Bağırov (70 kq), Orxan Cəfərov (80 kq) və Səmayə Həsənova (47 kq), paracüdoda J2 kateqoriyası üzrə Ömər Qurbanov (62 kq), Hüseyn İsmayılzadə (70 kq) və Elnarə Nizamlı (60 kq), bocciada Fidan Səfquliyeva (BC2 kateqoriyası) ilə Günel Rzazadə (BC4 kateqoriyası), paraüzgüçülükdə Əli Vəliyev ilə Murad Məmmədov, paraatletikanın uzunluğa tullanma növündə Ayşə Arabova, parastolüstü tennisdə Ləman Abdulhəmidova, parakamandan oxatmada isə İsmayıl Allahverdiyev təmsil edəcək.
Qarşılaşmalar iyulun 23-27-də paraatletika üzrə Enka İdman Mərkəzində, digər bütün idman növləri üzrə isə Cebeci İdman Kompelsində baş tutacaq.
İdman.biz