“MDB oyunlarına hazırlıqlar davam edir”.
İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.
O, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2025” reqatasının Suqovuşanda açılış mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb. Nazir bildirib ki, bu gün Gəncəyə və Göyçaya gedib oradakı təmir işləri ilə maraqlanacaq: “Bildiyiniz kimi, MDB oyunları yeddi müxtəlif rayonda keçiriləcək. Gəncə şəhərində stadion, Yevlaxda böyük idman kompleksi inşa olunur. Demək olar ki, bütün bölgələrimizdə Olimpiya komplekslərimiz var. MDB oyunları üçün rayonlardakı komplekslər təmir olunacaq. Çünki bəziləri 20 ildən artıqdır ki, inşa edilib. Bu gün həm Gəncəyə, həm Göyçaya gedəcəm. Oradakı təmir işləri ilə maraqlanacağıq”.
Qayıbov ölkədə uşaq futbolunun inkişafı istiqamətində görülən işlərdən də danışıb: “Çalışırıq ki, uşaq futboluna dəstək olaq. “Ulduz” futbol klubu Nazirliyin balansındadır. İlboyu müxtəlif beynəlxalq yarışlar keçiririk. Yayın sonunda növbəti turnir baş tutacaq. Çalışırıq ki, bölgələrdə də yarışlar təşkil edək. Bu dəfə isə turnir Qubada baş tutacaq”.
Qeyd edək ki, MDB Oyunların açılış və bağlanış mərasimi Gəncə şəhər stadionunda baş tutacaq. Ümumilikdə 23 idman növü üzrə 12 idman obyektində yarışlar keçiriləcək. Oyunlarda 5550-ə yaxın iştirakçı gözlənilir. Tədbirdə MDB ölkələri ilə yanaşı, digər ölkələrin də dəvət olunması nəzərdə tutulub. Medianın akkreditasiyana isə mayda başlanılacaq.
İdman.biz