İdman paytaxtı Qubada parad keçirilib - YENİLƏNİB - FOTO

Xəbərlər
5 Mart 2024 13:26
342
İdman paytaxtı Qubada parad keçirilib - YENİLƏNİB - FOTO

Azərbaycanın idman paytaxtı Qubada 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə parad başa çatıb.

İdman.biz xəbər verir ki, Olimpiya Kompleksində baş tutan paradda gənclər və idman naziri Fərid Qayıbov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Regional Gənclər və İdman İdarələrinin, Olimpiya İdman Komplekslərinin, Uşaq-Gənclər İdman Məktəblərinin və Gənclər Evlərinin rəhbərləri, idman ictimaiyyəti və şəhər sakinləri iştirak ediblər.

Parada bütün idman federasiyaları, olimpiya mükafatçıları, Avropa çempionları və Quba şəhərinin sakinləri iştirak ediblər.

Quba ilə yanaşı, digər regionlarda da parad təşkil olunub.

-----

12:56

Azərbaycanın idman paytaxtı Qubada 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə parad keçirilir.

İdman.biz xəbər verir ki, Olimpiya Kompleksində baş tutan paradda gənclər və idman naziri Fərid Qayıbov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, idman ictimaiyyəti və şəhər sakinləri iştirak edirlər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimi giriş sözü ilə açan Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov da hər kəsi 5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb: “Bu gün biz möhtəşəm tədbirə yığmışıq. Quba 2024-cü ildə Azərbaycanın idman paytaxtı elan olunub. Bayram münasibəti ilə nazir Fərid Qayıbovu, onun komandasını təbrik edirəm. Hər il Azərbaycanda cənab Prezident İlham Əliyevin sərəncamı ilə İdman Günü kimi qeyd olunur. Dövlət tərəfindən idmançılarımıza diqqət və qayğı göstərilir. Bunun nəticəsində də idmanımız günü-gündən inkişaf edir. Bu gün də Qubanın idman sahəsində nailiyyətləri göz önündədir”.

O bildirib ki, 8 min qubalı gənc idmanla məşğul olur: “İnanıram ki, birgə üzərimizə düşən öhdəliyi tam məsuliyyətlə yerinə yetirəcəyik. Qubada il ərzində nəzərdə tutulan tədbirlərin keçirilməsində yüksək səviyyədə iştirak edəcəyik”.

Daha sonra gənclər və idman naziri Fərid Qayıbov 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə hər kəsi təbrik edib: “19 ildir ki, biz bu günü Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edirik. Ulu Öndər Heydər Əliyevin dövründə idmana böyük diqqət göstərilib. O zamanlardan bizim olimpiya komplekslərimiz inşa edilərək, fəaliyyət göstərilib. Bu gün Qubada parad keçiririk. Təşkilatçılara, xüsusilə də Quba Rayon İcra Hakimiyyətinə təşəkkür edirəm. İdmançılarımıza isə yeni-yeni uğurlar arzulayırıq”.

Rəsmi çıxışlardan sonra ilin “İdman səfirləri” ictimaiyyətə təqdim olunub. Daha sonra 13 regionda eyni anda təşkil olunan parad onlayn şəkildə ekranda göstərilib.

Ardınca Qubada təntənəli parad açıq elan edilib. Müxtəlif növlər üzrə federasiyalar, gənclər və idman idarələri və idmançılar paraddan keçiblər.

Tədbir bədii hissə ilə davam etdirilib.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: