Fərid Qayıbov: “Yanvar müzakirələr və planlarla bol oldu”

Xəbərlər
12 Fevral 2024 22:12
152
Fərid Qayıbov: “Yanvar müzakirələr və planlarla bol oldu”

Avropa Gimnastikasının (AG) prezidenti Fərid Qayıbov rəhbərlik etdiyi qurumun saytında ənənəvi “Prezidentin qeydləri” rubrikasında 2024-cü ilin ilk ayında baş verən maraqlı hadisələrə toxunub.

İdman.biz xəbər verir ki, AG rəhbəri Olimpiya ilinin start götürdüyünü bildirib.

Fərid Qayıbov Sürixdə (İsveçrə) keçirilən 5 günlük toplantı barədə yazıb: “Yanvar müzakirələr və planlarla bol oldu. Sürixdə ardıcıl 5 gün məhsuldar görüşlər keçirildi. Biz, əsasən, 2024-cü ilin planını müzakirə etdik. Əvvəlcə yanvarın 25-26-da Prezident Şurasının iclasını keçirdik, ayın 27-28-də isə İcraiyyə Komitəsinin toplantısı baş tutdu. Akkreditasiya qaydaları ilə bağlı yenilənmə və ilk dəfə Strategiya-2030 layihəsi təsdiq olundu.

Bundan başqa, biz 2025-ci ildən Avropa Yaş Qrupları Yarışlarını Aerobika Gimnastikası üzrə Avropa çempionatının proqramına daxil etdik. 2025-2027-ci illərdə gimnastikanın müxtəlif növləri üzrə Avropa çempionatlarına ev sahibliyi seçiminə start verdik”.

Fərid Qayıbov mövsüm öncəsi Texniki Komitələrin prezidentlərinin bir çox mühüm məsələləri müzükirə etdiklərini qeyd edib: “Avropa Texniki Komitələri prezidentləri mövsümün əvvəlində bir çox vacib məsələləri müzakirə etmək imkanı qazandılar. Qitə federasiyaları rəhbərləri ilə görüş maraqlı və məhsuldar alındı. Toplantıda iştiraka görə, 25 federasiyaya təşəkkür edirəm. Digər 25 federasiya rəsmilərini də bu qəbildən iclaslarda görmək mənə çox xoş olardı. Bəzi ölkələrin maliyyə çətinlikləri üzündən görüşdə iştirak edə bilmədiyini başa düşürəm. Növbəti toplantıya kimi bu problemin aradan qaldırmağa çalışacağıq.

Olimpiya ili amilindən başqa, 2024-ci il oktyabrın 24-26-da Dohada baş tutacaq Konqresdə Beynəlxlaq Gimnastika Federasiyasına (FIG) rəhbər seçkiləri keçiriləcək. Avropa federasiyalarında bu vəzifəyə bir çox namizədlər var. Əgər namizədlərimizin uyğunluğu üçün meyarları dəqiq müəyyən etsək, Avropa Gimnastikası üçün nəyin daha yaxşı olduğuna dair aydın təsəvvürümüz olacaq. Avropa gimnastikasının strategiyası FIG Konqresinə qədərki dövrdə təşkil olunacaq Avropa Federasiyalarının nümayəndələri ilə görüşlərdə əsas müzakirə mövzusu olacaq.

Bəzi idmançıların Paris Olimpiadasına getmək şansı var. Batut və idman gimnastikasında Dünya kuboku yarışları Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Bütün hazırlıq mərhələsində idmançılara uğurlar arzulayıram”.

İdman.biz