Batumi şəhərində təşkil olunan yarışda ümumilikdə yeddi Azərbaycan idmançısı mükafatçılar sırasında yer alıb.
İdman.Biz xəbər verir ki, avqustun 23-dən 27-dək keçirilən Xatuna Narimanidze adına III Beynəlxalq Oxatma Turnirində Azərbaycan da daxil olmaqla doqquz ölkədən 103 idmançı mübarizə aparıb.
U-15 kateqoriyasında 40 metr məsafəyə fərdi yarışda Hüseyn Məhərrəmov Qazaxıstan təmsilçisi ilə gərgin mübarizənin sonunda gümüş medal qazanıb.
U-18 kateqoriyasında 60 metr məsafəyə oğlanların komanda yarışında Nurlan Rəhimli və Sərdar Vəliyev cütlüyü Qazaxıstan təmsilçilərinə qarşı mübarizənin yekununda ikinci yeri tutub.
Eyni yaş kateqoriyasında qarışıq komanda yarışında Sərdar Vəliyev və Yağmur Qurbanlı da Qazaxıstan oxatanları ilə qarşılaşmanın sonunda gümüş medala sahib çıxıblar.
Qızların U-15 kateqoriyasında 40 metr məsafəyə komanda yarışında Selcan Məmmədli və Sona Rüstəmli gürcüstanlı rəqiblərini məğlub edərək bürünc medal qazanıblar.
Beləliklə, Azərbaycan oxatanları turniri dörd yarış növü üzrə yeddi fərdi medalla başa vurublar.






