“Avqustun 23-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən yüksəksəviyyəli görüşlər, eləcə də imzalanmış “Əbədi dostluq haqqında Müqavilə” Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoydu. Bu sənəd iki ölkə arasında qarşılıqlı etimadın, siyasi həmrəyliyin və uzunmüddətli strateji tərəfdaşlığın hüquqi-siyasi bazasını daha da möhkəmləndirməklə yanaşı, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır”.
Bu fikirləri Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru, tibb üzrə fəlsəfə doktoru, dosent Təhminə Tağı-zadə bildirib.
O, qeyd edib ki, son illərdə Azərbaycan və Özbəkistan arasında münasibətlər təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmayaraq, idman istiqamətində də keyfiyyətcə yeni məzmun qazanıb.
“Dövlət başçılarının qarşılıqlı etimada əsaslanan səmimi münasibətləri və mütəmadi təmasları əməkdaşlığın institusional xarakter almasına mühüm təkan verib. Məhz bu siyasi iradənin nəticəsi olaraq iki ölkə arasında bir çox istiqamətlər üzrə uzunmüddətli layihələr həyata keçirilir, yeni tərəfdaşlıq mexanizmləri formalaşdırılır”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.
Təhminə Tağı-zadənin sözlərinə görə, müasir dövrdə idman sahəsində əməkdaşlıq dövlətlər arasında münasibətlərin inkişafında mühüm vasitələrdən biri hesab olunur:
“İdman yalnız yarış nəticələri və nailiyyətlərlə ölçülən fəaliyyət sahəsi deyil, eyni zamanda, xalqlar arasında dostluğun, qarşılıqlı anlaşmanın və ortaq dəyərlərin təşviqinə xidmət edən mühüm sosial institutdur. Bu baxımdan Azərbaycan və Özbəkistan arasında formalaşan idman əməkdaşlığı iki qardaş ölkənin strateji tərəfdaşlığının mühüm komponentlərindən birinə çevrilir”.
“Son illər hər iki ölkə beynəlxalq idman tədbirlərinin təşkili, idman infrastrukturunun inkişafı və gənclərin idmana cəlb olunması istiqamətində əhəmiyyətli uğurlar əldə edib. Azərbaycanın böyük idman yarışlarının keçirilməsi sahəsində qazandığı təcrübə, Özbəkistanın isə müxtəlif idman növlərində nümayiş etdirdiyi yüksək nəticələr qarşılıqlı təcrübə mübadiləsi üçün əlverişli zəmin yaradır. Bu əməkdaşlıq yalnız peşəkar idmançıların deyil, məşqçilərin, idman həkimlərinin və idman idarəçiliyi sahəsində çalışan mütəxəssislərin də bilik və bacarıqlarının inkişafına töhfə verir.
Məhz bu kontekstdə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə Özbəkistan Milli Antidopinq Agentliyi (UzNADA) arasında cari ilin yayında imzalanmış əməkdaşlıq memorandumu xüsusi əhəmiyyət daşıyır. Sənəd antidopinq sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, birgə təlim və maarifləndirmə proqramlarının həyata keçirilməsi, metodik materialların hazırlanması, elmi araşdırmaların təşviqi və beynəlxalq standartların tətbiqi istiqamətində sistemli əməkdaşlığı nəzərdə tutur. Həmçinin hər iki qurum 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək Ümumdünya Antidopinq Agentliyinin (WADA) yeni Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartlara hazırlıq prosesi çərçivəsində təcrübə mübadiləsi aparır”, - deyə Təhminə Tağı-zadə əlavə edib.
AMADA rəsmisi bildirib ki, müasir antidopinq sistemi yalnız qadağan edilmiş maddələrin aşkarlanmasına yönəlmiş nəzarət mexanizmi deyil: “Ümumdünya Antidopinq Məcəlləsinin prinsiplərinə uyğun olaraq bu sistemin əsas məqsədi təmiz idman mühitinin formalaşdırılması, idmançıların sağlamlığının qorunması və idmanda dürüstlüyün təmin edilməsidir. Bu baxımdan antidopinq sahəsində beynəlxalq əməkdaşlıq qlobal idman idarəçiliyinin mühüm elementlərindən biri hesab olunur”.
Onun sözlərinə görə, AMADA və UzNADA arasında əməkdaşlıq dopinq nəzarəti, Terapevtik istifadə üçün istisnaları, İdmançı Bioloji Pasportu, ADAMS informasiya sistemi, nəticələrin idarə olunması və araşdırmalar kimi vacib istiqamətləri əhatə edir: “Bu sahələr üzrə bilik və təcrübə mübadiləsi hər iki ölkənin antidopinq sisteminin institusional potensialını gücləndirməklə yanaşı, beynəlxalq standartların daha səmərəli tətbiqinə şərait yaradır”.
Antidopinq fəaliyyətinin ən vacib istiqamətlərindən birinin maarifləndirmə olduğunu bildirən Təhminə Tağı-zadə qeyd edib: “Beynəlxalq təcrübə göstərir ki, dopinq pozuntularının qarşısının alınmasında təhsil və profilaktik tədbirlər cəza mexanizmlərindən daha effektiv nəticələr verir. İdmançılar, məşqçilər və idman ictimaiyyətinin digər nümayəndələri arasında dürüstlük, məsuliyyət və sağlam həyat tərzi dəyərlərinin təşviqi gələcək nəsillərin təmiz idman prinsiplərinə sadiq yetişməsində mühüm rol oynayır. Azərbaycan və Özbəkistan arasında nəzərdə tutulan birgə maarifləndirici proqramlar da məhz bu məqsədə xidmət edir”.
O vurğulayıb ki, iki ölkə arasında təmiz idman sahəsində əməkdaşlığın əhəmiyyəti yaxın illərdə daha da artacaq: “Xüsusilə Azərbaycan və Özbəkistanın 2027-ci ildə FIFA U-20 dünya çempionatına birgə ev sahibliyi etməsi idman idarəçiliyi, idman tibbi və antidopinq sahələrində koordinasiyanın gücləndirilməsini zəruri edir. Belə irimiqyaslı beynəlxalq tədbirlərin uğurlu təşkili yalnız müasir infrastruktur və təşkilati imkanlar deyil, həm də beynəlxalq standartlara cavab verən etibarlı antidopinq sisteminin mövcudluğunu tələb edir”.
AMADA rəsmisinin fikrincə, ölkə başçıları tərəfindən formalaşdırılan yüksəksəviyyəli siyasi dialoq müxtəlif sahələrdə olduğu kimi, idman və antidopinq istiqamətlərində də əməkdaşlığın dərinləşməsinə mühüm stimul verir: “Dövlət başçılarının təşəbbüsləri nəticəsində yaranan etibarlı tərəfdaşlıq mühiti müvafiq qurumlar arasında əlaqələrin genişlənməsinə, yeni layihələrin həyata keçirilməsinə və regional əməkdaşlıq mexanizmlərinin inkişafına imkan yaradır”.
Sonda Təhminə Tağı-zadə bildirib ki, Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü inkişaf səviyyəsi iki qardaş xalq arasında tarixi dostluğun və qarşılıqlı etimadın müasir dövrün tələblərinə uyğun şəkildə yeni məzmunla zənginləşdiyini göstərir: “Təmiz idman, sağlam rəqabət və dürüstlük prinsiplərinə əsaslanan antidopinq əməkdaşlığı isə bu strateji tərəfdaşlığın mühüm istiqamətlərindən biri kimi çıxış edərək, həm iki ölkədə, həm də bütövlükdə regionda idmanın dayanıqlı inkişafına və beynəlxalq idman dəyərlərinin təşviqinə mühüm töhfə verəcək”.
