“Finalda iki dəfə məğlub olduğum rəqibdən revanş aldım” - Ciu-citsu üzrə dünya çempionunun İDMAN.BİZ-ə AÇIQLAMASI - VİDEO

7 Avqust 2026 15:19
98
“Finalda iki dəfə məğlub olduğum rəqibdən revanş aldım” - Ciu-citsu üzrə dünya çempionunun İDMAN.BİZ-ə AÇIQLAMASI - VİDEO

Bir neçə gün əvvəl azərbaycanlı ciu-citsuçu Emil Qurbanov Əbu-Dabidə keçirilən dünya birinciliyində qızıl medal qazanaraq ikinci dəfə dünya çempionu olub. O, bu titulu ilk dəfə 2019-cu ildə qazanmışdı.

İdman.Biz-ə açıqlamasında Emil Qurbanov son dünya çempionatının onun üçün necə keçdiyindən danışıb.

“Dünya çempionatında Banqladeş və Monqolustan təmsilçiləri ilə qarşılaşdım, finalda isə Rumıniyadan olan idmançı ilə üz-üzə gəldim. O, çox güclü rəqib idi. Mən ona iki dəfə, o cümlədən 2022-ci il dünya çempionatının finalında uduzmuşdum və həmin yarışda gümüş medal qazanmışdım. Ancaq məşqlər və güclü tərəflərimdən düzgün istifadə etməyim sayəsində bu dəfə qalib gələ bildim”, - deyə o bildirib.

Emil Qurbanov qeyd edib ki, hər zaman dünya çempionu olmağı arzulayıb və sonda bu məqsədinə təkcə bir dəfə deyil, iki dəfə nail olub. Onun medal uğrunda mübarizəni davam etdirməsinə isə həm sevdiyi idman növünə, həm də Vətəninə olan sevgisi motivasiya verir:

“Məni ciu-citsuya olan sevgi irəli aparır. Bu idman mənim bir parçamdır. Zaman keçdikcə ona xüsusi bağlılıq, müsbət mənada asılılıq yaranır. Bundan başqa, ölkəmi təmsil etmək imkanı mənə böyük motivasiya verir. Xüsusilə də şəhidlərimizin, qazilərimizin və Vətən uğrunda canından keçən hər kəsin xatirəsi naminə mübarizə aparıram. Yarışlarda mənim çıxışımdan sonra Azərbaycanın Dövlət Himninin səslənməsi və bayrağımızın qaldırılması ilə qürur duyuram”.

Dünya çempionu Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısıdır və eyni zamanda məşqçi kimi fəaliyyət göstərir. O, Azərbaycanın gənc ciu-citsuçularının səviyyəsini də dəyərləndirib:

“Bizdə güləş istiqamətində ixtisaslaşan idmançılar var. Faytinq (döyüş) növündə çıxış edənlər isə o qədər də çox deyil. Amma olanların səviyyəsi kifayət qədər yaxşıdır. Avropada və əlbəttə ki, Yaponiyada bu sahə bizdən daha inkişaf edib. Lakin inkişafımızı davam etdirsək, idmançılarımız dünya arenasına çıxaraq ölkəmizi layiqincə təmsil edə biləcəklər”.

Qurbanovun sözlərinə görə, ciu-citsu hər kəs üçün uyğun olan idman növüdür. O, bu döyüş sənətinin cüdo ilə əlaqəsindən də danışıb:

“Ciu-citsu özünümüdafiənin müxtəlif elementlərini özündə birləşdirən daha geniş sistemdir. Onun bacarıqlarından polis və digər güc strukturlarında istifadə olunur. Ciu-citsuda çoxlu zərbə texnikaları və təhlükəli elementlər var. Məhz həmin elementlər çıxarıldıqdan sonra onların əsasında cüdo yaradılıb. Buna görə də bu iki istiqamət paralel şəkildə inkişaf edir”.

İdman.Biz