“Yol ver, qalib gəl”: Hidayət Heydərov “Yango” istifadəçiləri ilə görüşdü - FOTO

Xəbərlər
19 Noyabr 2025 15:15
40
“Yol ver, qalib gəl”: Hidayət Heydərov “Yango” istifadəçiləri ilə görüşdü - FOTO

“Yango Azerbaijan” və Azərbaycan Cüdo Federasiyası yolda etik davranış mədəniyyətinin inkişafına yönəlmiş “Yol ver, qalib gəl” sosial layihəsinə yekun vurublar.

“Yol ver, qalib gəl” təşəbbüsünün final mərhələsi Olimpiya çempionu və dünya cüdo çempionu Hidayət Heydərovun keçirdiyi xüsusi məşq olub. “Yango” istifadəçiləri layihənin səfiri ilə şəxsən görüşmək, ona suallar vermək və onun rəhbərliyi altında çiyin-çiyinə məşq etmək üçün unikal fürsət əldə ediblər. Görüş səmimi avtoqraf sessiyası ilə başa çatıb. Hidayət Heydərov qonaqlarla söhbət edib və tədbir iştirakçıları üçün xatirə imzaları atıb.

Görüş zamanı Hidayət Heydərov iştirakçılara cüdonun çətin vəziyyətlərdə sakit qalmağa kömək edən özünə nəzarət və hörmət kimi əsas prinsiplərinin yoldakı əhəmiyyəti barədə danışıb. Layihənin qalibləri öz təcrübələrini bölüşüblər və idmançıya suallar veriblər.

Kampaniya müddətində iştirakçılar fəal şəkildə yolda düzgün davranış nümunələrini paylaşıb, layihənin rəqəmsal materiallarını öyrənib və daha təhlükəsiz yol mühitinin formalaşdırılması ideyasını dəstəkləyiblər. Servisin ən yaxşı sürücü-tərəfdaşları onların hörmətli sürücülük mədəniyyətinə sadiqliklərini təsdiqləyən xüsusi stikerlər alıblar.

“Cüdonun dəyərləri tatami ilə məhdudlaşmır. Birgə layihəmiz intizam və özünə nəzarətə həsr olunub - bu keyfiyyətlər yollarda təhlükəsizliyi birbaşa artırır. Hər şey özünə, qaydalara və digər hərəkət iştirakçılarına hörmətdən başlayır. Peşəkar idmançılarla birgə təşəbbüsümüz sayəsində məqsədimiz yol münaqişələrinin səviyyəsini azaltmaq, sürücülərə təmkinli və inamlı davranmağa, sərnişinlərə isə daha rahat hiss etməyə kömək etməkdir. Biz cüdo prinsiplərini aydın və tətbiqolunan yol davranışlarına çeviririk. Bu, bizim üçün sadəcə kampaniya deyil, Bakının və bütövlükdə ölkənin şəhər mobilliyi və həyat keyfiyyəti mədəniyyətinə töhfədir”,- “Yango Azerbaijan”ın rəhbəri Müşviq Həsənov bildirib.

Qeyd edək ki, 2025-ci ildə “Yango Azerbaijan” və Azərbaycan Cüdo Federasiyası arasında strateji tərəfdaşlıq sazişi imzalanıb. Əməkdaşlığın əsas istiqamətləri idmana marağın artırılması, eləcə də şəhər mühitində mobilliyin və rahatlığın artırılmasıdır.

İdman.Biz

Məqalədə: