ABŞ-li idmançı Elana Meyers Taylor İtaliyada keçirilən Qış Olimpiya Oyunlarının ən təsirli anlarından birinə imza atıb.
İdman.Biz xəbər verir ki, 41 yaşlı bobslayçı Milan-2026-da monobob növündə karyerasının ilk Olimpiya qızıl medalını qazanıb.
O, finişdən sonra göz yaşları içində diz çökərək qələbəni kar oğluna işarə dili ilə izah edib: “Ana qalib gəldi”.
Meyers Teylor bu uğura illərlə addım-addım yaxınlaşıb: Vankuver-2010-da bürünc, Soçi-2014-də gümüş, Pxenyan-2018-də iki gümüş, Pekin-2022-də isə yenidən bürünc medal qazanmışdı. Nəhayət, 41 yaşında ən ali mükafata sahib çıxıb.
Onun hər iki övladının əlilliyi olduğu məlum olduqdan sonra sosial şəbəkələrdə idmançıya heyranlıq ifadə olunub.


Məlumat üçün əlavə edək ki, bobslay qış idman növüdür və xüsusi buzlu trasda sürətli xizəksayağı kirşə (bob) ilə yarışdan ibarətdir. Komanda (iki və ya dörd nəfər) startda bobu itələyərək sürət yığır, sonra içəri minib tras boyu yüksək sürətlə eniş edir. Bu idman növündə həm fiziki güc, həm də yüksək sürətdə idarəetmə bacarığı vacibdir. Bobslay Qış Olimpiya Oyunlarının ən sürətli və ekstremal yarışlarından hesab olunur.
