Paris-2024-ə doğru: 7 Olimpiadada 7 qızıldan sonra 7 növdə 77 məqam

Xəbərlər
17 Aprel 2024 17:45
Paris-2024-ə doğru: 7 Olimpiadada 7 qızıldan sonra 7 növdə 77 məqam

Paris-2024 Yay Olimpiya Oyunlarına 100 gün qalıb.

İdman.biz dördilliyin ən mötəbər multi-idman tədbir ilə bağlı 77 məqamı təqdim edir.

1. Paris-2024 Azərbaycan millisinin müstəqillik illərində qatıldığı 8-ci Yay Olimpiya Oyunları olacaq.

2. Fransa paytaxtı 100 ildən sonra bu yarışa ev sahibliyi edəcək. Paris 1900 və 1924-cü illərdən sonra 3-cü dəfə Olimpiya paytaxtı olacaq.

3. Olimpiya Oyunları London-2012-dən 12 il (Rio-2016, Tokio-2020) sonra Avropaya qayıdır.

4. Azərbaycan millisi Paris-2024-ə 7 idman növündə lisenziya qazanıb.

5. Fransa tarixində 6-cı dəfə Olimpiadanı qəbul edəcək.

6. Parisdə 32 idman növündə yarışlar keçiriləcək.

7. Azərbaycan Paris-2024-ə artıq 17 lisenziya qazanıb.

8. Breykinq idman növü ilk dəfə Olimpiada proqramında olacaq.

9. Paris qadınların Olimpiya Oyunlarında (Paris-1900) iştirak etdiyi ilk şəhərdir.

10. Sərbəst güləş üzrə Azərbaycan millisi Paris-2024-də tam heyətlə iştirak etmək hüququ qazanıb.

11. Tarixdə ilk dəfə Yay Olimpiya və Paralimpiya Oyunlarının vahid loqosu var.

12. Olimpiada devizi “Geniş açılan Oyunlar”dır.

13. Azərbaycan ilk dəfə komanda yarışında - basketbolun 3x3 növündə qadın millimizlə təmsil olunacaq.

14. Fransa paytaxtında 10500 idmançı mübarizə aparacaq.

15. İyulun 24-də, açılış mərasimindən iki gün əvvəl futbol və reqbi, ertəsi gün həndbol və kamandan oxatmada mübarizə başlayacaq.

16. Azərbaycan ilk dəfə gimnastikanın batut növündə Olimpiadada təmsil olunmaq hüququ qazanıb.

17. Tarixdə ilk dəfə Olimpiadada həvəskarların marafon yarışı, əsas yarışla eyni gündə və eyni marşrutla, amma fərqli saatda təşkil olunacaq.

18. Olimpiya məşəli dünən – aprelin 16-da Yunanıstanda yandırılıb.

19. Azərbaycan bütün Olimpiadalarda təmsil olunduğu güləş, atletika, atıcılıq, boksda yenə lisenziya qazanıb.

20. Paris-2024-ün təşkilinə ümumilikdə 8 milyard avrodan artıq vəsait ayrılıb.

21. Olimpiya Oyunlarının talismanları “Friqi”lərdir.

22. Azərbaycan indiyədək Olimpiya Oyunlarında 49 medal qazanıb.

23. Olimpiya medallarının tərkibində Eyfel qülləsinin parçalarının ərintiləri yer alıb.

24. Serfinq yarışları Fransanın materik hissəsindən kənarda, Parisdən 15700 km uzaqda – Tati adasında təşkil olunacaq.

25. Əvvəlki 7 Olimpiadada Azərbaycan 7 çempionluq yaşayıb, 14 gümüş və 28 bürünc əldə edib.

26. Paris Londondan sonra üç Olimpiada qəbul edən 2-ci şəhərdir.

27. İlk dəfə beynəlxalq federasiya qaliblərə mükafat verəcək ki, Dünya Atletikası 48 növdəki qaliblərə 50 min dollar ödəyəcək.

28. Azərbaycan əvvəlki 7 Olimpiadada 19 növdə təmsil olunub, basketbol bu siyahıda 20-ci olacaq.

29. Olimpiadada 35 idman obyektindən istifadə olunacaq.

30. Açılış mərasimi Sena çayı üzərində təşkil olunacaq.

31. Azərbaycan 7 Olimpiadada 7 növdə medallar qazanıb.

32. Eyfel qülləsinin yaxınlığında mükafatçıların azarkeşlərlə sevincini bölüşməsi üçün parad təşkil ediləcək.

33. Tokio-2020-nin proqramında olan üç növ – karate, beysbol, softbol bu dəfə kənarda qalıb.

34. Güləş millimiz bütün Olimpiadalarda ən azı 1 medala sahib çıxıb.

35. İdmançıların açılış mərasimindəki paradı 6 km təşkil edəcək.

36. Açılışı izləyənlər Sena ətrafındakı bəzi yerlərdə pulsuz, ən yaxın yerlərdə 2700 avro ödəməli olacaq.

37. Azərbaycanın ilk Olimpiya medalını 1996-cı ildə Atlantada sərbəst güləşçi Namiq Abdullayev qazanıb.

38. İdmançıların paradı Sena çayında olacaq və komandalar qayıqlarda keçəcək.

39. Olimpiya Oyunları qadınların marafon yarışı ilə başa çatacaq.

40. Olimpiadalarda ən çox medal qazanan Azərbaycan idmançısı Mariya Stadnik 2 gümüş və 2 bürünc əldə edib.

41. Paris-2024-ün lisenziya yarışlarına iyunun 23-də yekun vurulacaq.

42. Oyunlar Parisdən başqa Le-İvelin, Sena və Marna, O-de-Sen, Sen-Denidı, futbol matçları Nant, Marsel, Bordo, Nitsa, Lion və Sent-Etyendə baş tutacaq.

43. İlk medallar sahiblərini iyunun 27-də tapacaq.

44. Yarışların son günündə 9 növdə qaliblər bəlli olacaq.

45. Azərbaycan yığmasının 7 çempionluğunun yarıdan çoxu – 4-ü güləşdə əldə olunub.

46. Parisdə 329 medal dəsti uğrunda mübarizə gedəcək.

47. Olimpiadanın bağlanış mərasimi “Stad de Frans”da təşkil olunacaq.

48. Yayda Paris metrosunun qiyməti təxminən iki dəfə bahalaşacaq.

49. Satışa ümumilikdə 13,4 milyon bilet çıxarılacaq.

50. Azərbaycan 4 növdə - güləş, atıcılıq, cüdo və taekvondoda qızıl qazanıb.

51. Açılış və bağlanış mərasimlərinin bədii rəhbəri Tomas Collidir.

52. Olimpiadada 44 min könüllü iştirak edəcək.

53. Olimpiya məşəli açılış mərasimində Tyuilri parkında yandırılacaq.

54. Yarış üçün 26 min jurnalist akkreditasiya olunub.

55. Azərbaycan ilk qızıl medallarını Sidney-2000-də əldə edib. Namiq Abdullayev güləş, Zemfira Meftəhətdinova atıcılıqda fərqlənib.

56. Tokio-2020 2021-ci ildə keçirildiyindən ilk dəfə Olimpiya Oyunları üç ildən sonra keçiriləcək.

57. Olimpiada Parisə 2017-ci il sentyabrın 13-də verilib.

58. Məşhur “Rolan Qarros” stadionu tennis və boks yarışlarını qəbul edəcək.

59. Atçılıq və müasir beşnövçülük tarixi Versal sarayında təşkil olunacaq.

60. Azərbaycan millisi London-2012-də daha uğurlu çıxış edib: 2 qızıl, 2 gümüş, 5 bürünc.

61. Olimpiya kəndində 8876 ağac əkilib.

62. Olimpiya məşəlini yunan aktrisa Meri Mina alovlandırıb.

63. Olimpiya kəndində 2500-ə yaxın ev inşa olunub.

64. Olimpiadanı 1 milyard tamaşaçının izləyəcəyi proqnozlaşdırılır.

65. Azərbaycan Rio-2016-da daha çox – 18 medal qazanıb: 1 qızıl, 7 gümüş, 10 bürünc.

66. Paris-2024-ün şərəfinə “Georgina” gülünün yeni növü yetişdirilib və Fransa paytaxtına satışa çıxarılıb.

67. Olimpiya obyektlərinin 95 faizi müvəqqəti xarakter daşıyır və yarışdan sonra yığışdırılacaq.

68. Olimpiya kəndinin sakinləri velosipedlərdə və 24 saat fəaliyyət göstərəcək xüsusi şatllarla hərəkət edə biləcəklər.

69. Rusiya və Belarus yığmaları Olimpiadaya Fərdi Neytral Atletlər (AİN) komandasının üzvü kimi qatıla biləcək.

70. Azərbaycan yalnız iki dəfə - Atlanta-1996 və Tokio-2020-də qızıl qazanmayıb.

71. Olimpiya kəndinin yeməkxanası gündə 40 min “pors” yemək hazırlayacaq.

72. Azərbaycan medal qazandığı boks, kanoe və karatedə çempion olmayıb.

73. Olimpiya Oyunları ümumilikdə 17 gün davam edəcək.

74. İki Olimpiadada – Sidney-2000 və London-2012-də Azərbaycan iki qızıl əldə edib.

75. Paris meri Ann İdalqo açılış mərasimindən öncə Senada çiməcəyinə söz verib.

76. Azərbaycan ən çox – 56 idmançı ilə Rio-2016-da iştirak edib.

77. Bağlanış mərasimində Olimpiya estafeti Los-Anceles-2028-in təşkilatçısı ABŞ-a veriləcək.

İdman.biz

Məqalədə: