Azərbaycan milli komandasının Tacikistanla yoxlama, Litva və Lixtenşteynlə UEFA Millətlər Liqası oyunları üçün açıqlanan 30 nəfərlik heyətində xarici klublarda çıxış edən futbolçuların seçimi diqqət çəkib.
İdman.Biz xəbər verir ki, baş məşqçi Ayxan Abbasov xaricdə çıxış edən səkkiz futbolçuya dəvət göndərib. Bunlar Cəlal Hüseynov, Anton Krivotsyuk, Toral Bayramov, Rüfət Abdullazadə, Anatoli Nuriyev, Vüsal İsgəndərli, Mahir Emreli və Renat Dadaşovdur.
Çağırılan legionerlərin cari mövsümdə klublarındakı oyun praktikası isə fərqlidir.
Rumıniyanın “Petrolul” klubunda çıxış edən Cəlal Hüseynov yeddi matçda meydana çıxıb, onlardan birinə start heyətində başlayıb və 165 dəqiqə oynayıb. Müdafiəçi qol və məhsuldar ötürmə ilə fərqlənməyib.
Cənubi Koreyanın “Daejeon Hana” klubunun müdafiəçisi Anton Krivotsyuk çağırılan legionerlər arasında ən çox oyun praktikası qazananlardan biridir. O, 2026-cı il K Liqa 1 mövsümündə 19 matçda iştirak edib, 17 dəfə start heyətində yer alıb, 1546 dəqiqə oynayıb və bir qol vurub.
Türkiyənin “Bursaspor” klubunda çıxış edən Toral Bayramov isə Birinci Liqada altı matçda iştirak edib. O, cəmi bir dəfə start heyətində meydana çıxıb və ümumilikdə 200 dəqiqə oynayıb. Bayramovun qol və məhsuldar ötürməsi yoxdur.
İsrailin “Kiryat Şmona” klubunda çıxış edən Rüfət Abdullazadə cari mövsümdə liqada dörd matçda 288 dəqiqə oynayıb və bir qol vurub.
Macarıstanın “Kişvarda” klubunda forma geyinən Anatoli Nuriyev NB I-də üç matçda meydana çıxıb və cəmi 67 dəqiqə oynayıb. Buna baxmayaraq, yarımmüdafiəçi bir qol vurmağı bacarıb.
Kosovonun “Malişeva” klubunun futbolçusu Vüsal İsgəndərli Konfrans Liqasının təsnifat mərhələsində dörd matçda 200 dəqiqə oynayıb. O, qol vurmayıb.
Polşanın “Rakuv” klubunda çıxış edən Mahir Emreli isə çağırılan legionerlər arasında ən məhsuldarlardan biridir. Hücumçu Ekstraklasada yeddi matçda 663 dəqiqə oynayıb, üç qol vurub və bir məhsuldar ötürmə verib. Bundan əlavə, Konfrans Liqasında altı matçda üç dəfə fərqlənib.
Ukraynanın “Bukovina” klubuna yeni qoşulan Renat Dadaşov isə Premyer Liqada hələlik bir matçda iştirak edib. O, “Zorya” ilə görüşdə sonradan meydana daxil olaraq 26 dəqiqə oynayıb.
Xaricdə çıxış edən bəzi tanınmış futbolçular isə siyahıdan kənarda qalıblar. Onların arasında Türkiyənin “Erzurumspor” klubunun hücumçusu Nəriman Axundzadə, Rusiyanın “Soçi” klubunda çıxış edən Ramil Şeydayev və Albaniyanın "Eqnatiya" klubunun mərkəz müdafiəçisi Zamiq Əliyev var.
Nəriman Axundzadənin millidən kənarda qalmasının əsas səbəblərindən birinin klubunda kifayət qədər oyun praktikası qazanmaması olduğu ehtimal edilir. 22 yaşlı hücumçu “Erzurumspor”un iştirak ərizəsinə daxil edildiyi beş matçın yalnız üçündə meydana çıxıb və ümumilikdə 55 dəqiqə oynayıb. O, son iki qarşılaşmada ehtiyat oyunçular skamyasında qalsa da, meydana buraxılmayıb.
Maraqlıdır ki, çağırılan futbolçular arasında da Nərimandan çox böyük oyun praktikası qazanmayanlar var. Məsələn, Anatoli Nuriyev Macarıstan çempionatında cəmi 67, Cəlal Hüseynov isə Rumıniya çempionatında 123 dəqiqə oynayıb. Bununla belə, Nuriyev həmin müddətdə bir qol vurub.
Albaniyanın “Eqnatiya” klubunda çıxış edən Zamiq Əliyev də millinin 30 nəfərlik heyətinə daxil edilməyib. 25 yaşlı futbolçu əsasən mərkəz müdafiəçisi mövqeyində oynayır. O, 2026/2027 mövsümündə Albaniya Superliqasında üç matçın hamısına start heyətində başlayıb və 270 dəqiqə meydanda olub. Zamiq çempionatda qol və məhsuldar ötürmə ilə fərqlənməyib. Avropa Liqasında isə üç qarşılaşmada iştirak edib, 134 dəqiqə oynayıb, burada da qol və assisti yoxdur. Beləliklə, müdafiəçi cari mövsümdə bütün turnirlər üzrə 6 oyunda 404 dəqiqə forma geyinib və məhsuldar göstərici qeydə almayıb.
Ramil Şeydayevin kənarda qalmasına isə cari mövsümdə aşağı məhsuldarlıq təsir göstərə bilər. “Soçi”nin hücumçusu oyun praktikası qazansa da, hələlik qol və məhsuldar ötürmə ilə fərqlənə bilməyib. O, altı oyunda meydana çıxıb və 281 dəqiqə oynayıb.
Beləliklə, legionerlərin statistikası göstərir ki, seçim yalnız meydanda keçirilən dəqiqələrin sayına əsaslanmayıb. Mahir Emreli və Anton Krivotsyuk kimi yüksək oyun praktikası qazanan futbolçularla yanaşı, Anatoli Nuriyev, Cəlal Hüseynov və Renat Dadaşov kimi az oynayan legionerlər də 30 nəfərlik siyahıda yer alıblar.
Ayxan Abbasov hücum xəttinə Vüsal İsgəndərli, Musa Qurbanlı, Mahir Emreli və Renat Dadaşovu dəvət edib.
Xatırladaq ki, Azərbaycan milli komandası yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsində isə sentyabrın 27-də səfərdə Litva millisi ilə, oktyabrın 1-də Lixtenşteyn yığması ilə, həmçinin oktyabrın 4-də Litva millisi ilə qarşılaşacaq.
