Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Kosovo Superliqasında yeni komandasında ilk qollarını vurub.
İdman.Biz xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “Malışeva”nın dördüncü turda “Qilyani”ni 3:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada het-trik edib.
İsgəndərli hesabı doqquzuncu dəqiqədə açıb. Bu epizodda ona Laurent Xhylani məhsuldar ötürmə verib. “Qilyani” 19-cu dəqiqədə Oltion Bilalinin qolu ilə bərabərliyi təmin edib.
İkinci hissədə Azərbaycan millisinin üzvü yenidən səhnəyə çıxıb. İsgəndərli 71-ci dəqiqədə “Malışeva”nı hesabda önə keçirib, 75-ci dəqiqədə isə üçüncü qolunu vuraraq het-trikini rəsmiləşdirib – 3:1.
Bu, Vüsal İsgəndərlinin yeni komandasında ilk qolları olub. O, cari mövsümdə “Malışeva”nın heyətində dörd oyunda meydana çıxıb və artıq üç qol vurub.
İsgəndərli yayda Albaniyanın “Partizani” klubundan Kosovo təmsilçisinə keçib. O, əvvəllər “Sumqayıt”, “Keçiörengücü”, “Boluspor”, “Eqnatiya” və “Partizani” kimi klublarda da çıxış edib.
