Millimizin rəqibə kəllə atan üzvü Türkiyədə İntizam Komitəsinə göndərildi

18 Avqust 2026 21:43
84
Millimizin rəqibə kəllə atan üzvü Türkiyədə İntizam Komitəsinə göndərildi

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü Türkiyədə Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərilib.

İdman.Biz xəbər verir ki, Türkiyənin Birinci Liqasında çıxış edən “Vanspor”un yarımmüdafiəçisi avqustun 15-də “Manisa” ilə səfər matçında qayda pozuntusuna yol verib.

Kökçü qarşılaşmanın 69-cu dəqiqəsində komandasının yeganə qolunu vurub. O, 82-ci dəqiqədə rəqib futbolçuya kəllə atdığı üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Türkiyə Futbol Federasiyasının Hüquq Müşavirliyi futbolçunun həmin epizodda yol verdiyi “qayda pozuntusu”na görə Futbol İntizam Təlimatının 43-cü maddəsi əsasında PFDK-ya göndərilməsi barədə qərar qəbul edib.

Bundan sonra Kökçü açıqlama verərək davranışının peşəkar futbolçuya yaraşmadığını etiraf edib və “Vanspor” camiasından, məşqçilərdən, komanda yoldaşlarından və azarkeşlərdən üzr istəyib. O, hadisədən əvvəl özünə və ya dəyərlərinə qarşı təhqiramiz ifadələrin səsləndiyini desə də, nəzarəti itirməsinin düzgün olmadığını bildirib.

Qeyd edək ki, “Manisa” – “Vanspor” qarşılaşması meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz