Azərbaycan millisinin yarımmüdafiəçisi Rüfət Abdullazadənin formasını geyindiyi “Kiryat Şmona” İsrail Premyer Liqasının 11-ci turunda məğlub olub.
İdman.Biz xəbər verir ki, komanda səfərdə “Hapoel Ramat Qan”a 0:1 hesabı ilə uduzub.
Qarşılaşmanın taleyini erkən qol həll edib. Kristofer Bonifeys üçüncü dəqiqədə baş zərbəsi ilə meydan sahiblərini önə çıxarıb. Bu qol görüşdə yeganə olub.
Rüfət Abdullazadə oyuna ehtiyat oyunçular skamyasında başlayıb. Fasilədə “Kiryat Şmona”nın heyətində dörd əvəzetmə edilib. Millimizin üzvü də 46-cı dəqiqədə meydana daxil olub və sonadək mübarizə aparıb.
Qonaqlar 76-cı dəqiqədə azlıqda qalıblar. Talles Kosta kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb.
“Kiryat Şmona” topa sahibolmada və zərbələrin sayında üstün olsa da, hesabı bərabərləşdirə bilməyib. Rüfətin komandası topa 61 faiz nəzarət edib və rəqib qapısına 25 zərbə vurub. Bunlardan beşi çərçivəyə düşüb. Meydan sahiblərinin isə 15 zərbəsindən altısı dəqiq olub.
Beləliklə, “Kiryat Şmona” mövsümdə səkkizinci məğlubiyyətini alıb. Komanda 11 oyundan sonra yeddi xalla 12-ci pillədə qərarlaşıb. Xallarını doqquza çatdıran “Hapoel Ramat Qan” isə rəqibini qabaqlayaraq 11-ci yerə yüksəlib.
“Kiryat Şmona” növbəti turda, dekabrın 1-də “Makkabi Təl-Əviv”i qəbul edəcək.
