Azərbaycan millisinin futbolçuları növbəti matçlarda əllərindən gələni edəcəklər.
İdman.Biz bildirir ki, bu barədə komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında bildirib.
44 yaşlı mütəxəssis “FIFA Series – 2026” beynəlxalq turnirində Sent Lüsiya yığması ilə keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.
“Futbolçuların əhval-ruhiyyəsi yaxşıdır. Onların yaxşı formada olması bizi sevindirir. Rəqiblərimiz bəllidir. Bizim üçün yad komandalar olsalar da, onlar haqqında oyunçulara məlumat vermişik. Futbolçular meydanda əllərindən gələni edəcəklər”, - o, deyib.
A. Abbasov DÇ-2026-nın seçmə mərhələsində güclü rəqiblərlə üz-üzə gəldiklərini xatırladıb:
“İndi nəticə qazanmaq istəyirik. UEFA Millətlər Liqasının matçlarından əvvəl bu turnir çox önəmlidir. Daha yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik”.
Baş məşqçi “Kəpəz”in qapıçısı Yusif İmanovun növbəti təlim-məşq toplanışına dəvət ala biləcəyini deyib:
“Hər kəsin fikrinə hörmət edirik. Mən də sual verə bilərəm ki, indi niyə dəvət almalıdır? Hər oyunçu bizim üçün önəmlidir. Yusif İmanovun legioner karyerası uğurlu alınmadı. Son qarşılaşmalarda yaxşı performans göstərir. Rəqabətdə qalib gəlməlidirlər. Millinin hər dəfə siyahısı çıxanda hansısa adlar önə gətirilir. Necə ki, Mahir Emrelini Fransa ilə oynadanda çox qınadılar. Amma həmin vaxtdan sonra komandasında ona qarşı fikirlər müsbətə dəyişdi.
Futbolun yazılmamış qanunları var. Nəyisə bilir, görürüksə, çağırırıq. Şahruddinlə bağlı həkimlərlə danışdıq və tam hazır olduqlarını bildirdilər. Kapitanımızdır, liderlik keyfiyyəti var. Məşqlərdə də o qədər əzmkardır ki, onu gələcək toplanışa da düşünürük. Gələcəkdə Yusif və ya digərləri daha yaxşı olacaqsa, çağırılacaq. Daha əvvəl Kamran və Mehdini deyirdilər, bu dəfə adları hallanmır. Bütün futbolçulara qapılar açıqdır”.
Mütəxəssis “FIFA Series – 2026” turnirində yaxşı oyun sərgiləmək istədiklərini vurğulayıb: “Bu iki oyunda daha çox komanda olmağa çalışacağıq. Əvvəlki matçlarda rəqiblər çox imkan vermirdi. Bu oyunlarda maksimumu etməyə çalışacağıq. İnanıram ki, yaxşı toplanış keçirəcəyik”.
Qeyd edək ki, martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.
