Ukrayna millisinin sabiq hücumçusu Artyom Milevski DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə bu gün keçiriləcək IV tur oyunundan öncə komanda üzvlərinə müraciət edib.
İdman.Biz bildirir ki, o, İslandiya üzərindəki qələbədən (5:3) sonra futbolçuları arxayınlaşmamağa və diqqətlərini tam olaraq oyuna cəmləməyə çağırıb.
Azərbaycan yığması ilə qarşılaşmanın önəmini xüsusi qeyd edən sabiq futbolçu deyib ki, əsas məqsəd növbəti 3 xalı qazanmaq olmalıdır.
Qeyd edək ki, Krakov şəhərində oynanılacaq Ukrayna – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında Bakıda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı. İlk 3 turdan sonra Azərbaycan millisi 1 xalla qrupda sonuncudur. 4 xalı olan Ukrayna seçməsi isə 2-ci sırada qərarlaşıb.