ABŞ-dan olan ulduz qonaq: "UFC-nin Bakıda təşkili Azərbaycan idmanı üçün tarixi hadisədir"

Xəbərlər
19 İyun 2025 13:27
50
ABŞ-dan olan ulduz qonaq: "UFC-nin Bakıda təşkili Azərbaycan idmanı üçün tarixi hadisədir"

"UFC-nin Bakıda təşkili Azərbaycan idmanı üçün tarixi hadisədir".

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək UFC gecəsində ulduz qonaq qismində iştirak edəcək ABŞ-dan olan MMA döyüşçüsü Belal Məhəmməd jurnalistlərə açıqlamasında deyib.

Bakıya ilk dəfədir səfər etdiyini söyləyən idmançı şəhərin heyrətamiz olduğunu bildirib: “Artıq 2 həftədir buradayam. İnsanlar çox istiqanlı və mehribandırlar. Yeməklərinizi xüsusi qeyd etməliyəm. Çox dadlı yeməkləriniz var”.

O, səbirsizliklə yarışın keçiriləcəyi günü gözlədiyini vurğulayıb: “Şəhərdə hava da çox gözəldir. Hər şey çox yüksək səviyyədədir”.

Məhəmməd UFC-nin əsas döyüşündə Camaal Hilli dəstəkləyəcəyini deyib: “O da mənim kimi Çikaqo şəhərindəndir. Çox yaxşı döyüşçüdür. İnanıram ki, maraqlı mübarizə gedəcək”.

Qeyd edək ki, döyüş gecəsi iyunun 21-də Bakı Kristal Zalında təşkil olunacaq. Gecənin əsas döyüşündə ABŞ təmsilçiləri Camaal Hillə Xalil Rauntri qarşılaşacaq.

İdman.biz