"Doğma ölkədə döyüşmək məsuliyyətlidir".
İdman.biz "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turniri ilə bağlı danışarkən deyib.
Xüsusi sessiyaya qoşulan 32 yaşlı idmançı Bakıda mübarizə aparacağı üçün şad olduğunu bildirib: "Hazırlıqlarım davam edir. Bir az əvvəl ağır məşqdən çıxmışam. Bakıdakı turnirə 100 faiz hazır olacağam. Sizi əmin edirəm ki, çox maraqlı döyüş olacaq. Rəqibim çox güclüdür. Amma bu, məni çəkindirmir. Onun boyunun uca olmasına fikir vermirəm. O, mənim qarşımda imtahan verəcək. Ondan imtahan götürəcəyəm. Vətənimdə vuruşmaq mənim üçün böyük şərəfdir. Artıq bu gerçəkləşir".
Qələbəyə köklənəcəyini deyən 32 yaşlı idmançı Bakıda mübarizə aparacağı üçün heç bir təzyiq hiss etmədiyini söyləyib: "Mübarizə apardığım ölkədən asılı olmayaraq, doğma publika hər zaman məni izləyir. Ardıcıl üç məğlubiyyət almışam. Titul yarışından qopmamaq üçün mütləq qələbə qazanmalıyam. Bu baxımdan bir az təzyiq var. Amma ən azından əminəm ki, mənim döyüşüm baxımlı alınacaq".
O, Azərbaycanın digər MMA döyüşçüləri haqqında da danışıb: "Tofiq Musayevin də UFC-də çıxış edəcəyini eşitmişəm. Amma hələlik rəsmi deyil. UFC Bakıdakı turnirdən əvvəl 2-3 azərbaycanlı idmançı ilə müqavilə imzalamalıdır ki, onlara da şans verilsin".
Fiziyev əslən Azərbaycandan olan Nazim Sadıxovun da yüksək səviyyəli döyüşçü olduğunu vurğulayıb.
Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə döyüşəcək. Nazim Sadıxov isə Nikolas Motta (Braziliya) ilə üz-üzə gələcək.
İdman.biz