ACA-nın (Absolute Championship Akhmat) yüngül çəkidə azərbaycanlı döyüşçüsü Zaur Hacıyev qazaxıstanlı Artem Reznikovla mümkün ikinci döyüşü barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, revanş qarşılaşmasının 25 dekabrda Sankt-Peterburqda keçiriləcək ACA turnirində baş tutacağı gözlənilir. Hacıyev bildirib ki, artıq bu döyüşə razılıq verib.
“Hər şey buna doğru gedir, sadəcə rəsmi anons olmayıb. Matçmeykerlər bu barədə mənimlə danışıblar, mən də razılığımı vermişəm. Bu, bağlanmamış məsələdir və artıq onu bağlamaq olar. Reznikov elə düşünür ki, burada özünü evindəki kimi hiss edəcək, amma çox yanılır. Yazır ki, dəstəyi olacaq. Səni maksimum “Russkaya tribuna” dəstəkləyəcək. Əsas zal isə mənə azarkeşlik edəcək. Burada böyük auditoriyam, çoxlu qardaşlarım, dostlarım və qohumlarım var.
Bura Qazaxıstan deyil, Artem. Burada hakimlər sənə kömək etməyəcək. Haypın bitəcək - səni pensiyaya göndərəcəyəm”, - Hacıyevin sözlərini mma.metaratings.ru yayıb.
Qeyd edək ki, Hacıyev və Reznikov arasında ilk döyüş iyunda ACA 205 turnirində keçirilib. Qarşılaşma hakimlərin bölünmüş qərarı ilə heç-heçə başa çatıb.
Hacıyevin peşəkar karyerasında dörd qələbə, bir məğlubiyyət və bir heç-heçə var. Reznikov isə 26 qələbə, 11 məğlubiyyət və bir heç-heçə qeydə alıb.
