Azərbaycanlı döyüşçü Məhəmmədəli Osmanlı ilə Qırğızıstan təmsilçisi İlimbek Akılbek Uulu arasında revanş döyüşü keçirilə bilər.
İdman.Biz xəbər verir ki, UFC-nin rəsmi saytında “UFC Fight Night: Rosas Jr. vs. Barcelos” turnirinə həsr olunmuş icmalda iki döyüşçünün qarşılaşmasına ayrıca diqqət yetirilib və onların yenidən oktqonda üz-üzə gəlməsi ehtimalı qeyd olunub.
Xatırladaq ki, “TUF 34”ün yüngül çəki dərəcəsində final döyüşü ABŞ-nin Las-Veqas şəhərindəki “Meta APEX” arenasında baş tutub. Qarşılaşma “UFC Fight Night: Rosas Jr. vs. Barcelos” turniri çərçivəsində keçirilib və artıq ilk raundda başa çatıb.
Döyüşün 2 dəqiqə 19-cu saniyəsində Osmanlı döşəmədə olan Akılbek Uulunun başına diz zərbəsi endirib. Qırğızıstanlı döyüşü davam etdirə bilməyib. Nəticədə azərbaycanlı idmançı diskvalifikasiya olunub və qələbə onun rəqibinə verilib.
UFC-nin icmalında qeyd olunur ki, belə nəticə nə döyüşçülərin, nə də azarkeşlərin arzuladığı sonluq olub. Bununla belə, diskvalifikasiya qərarının düzgün olduğu vurğulanıb. Eyni zamanda, qarşıdurmanın bununla bitməyə biləcəyi bildirilib.
“Böyük ehtimalla, çox da uzaq olmayan gələcəkdə onların revanş döyüşünü görəcəyik”, - UFC-nin icmalında qeyd olunub.
Beləliklə, revanş döyüşü hələ rəsmi olaraq təyin edilməsə də, Osmanlı ilə Akılbek Uulunun yenidən qarşılaşması ehtimalı UFC-nin öz saytında gündəmə gətirilib.
Osmanlı da döyüşdən sonra baş verənlərlə bağlı fikirlərini bölüşüb. Azərbaycanlı idmançı “Instagram”dakı canlı yayım zamanı rəqibinin aldığı zərbənin nəticələrinin nə dərəcədə ciddi olduğuna şübhə etdiyini bildirib.
“O, özünü elə göstərir. Əvvəlcə ayağımdan tutdu. Hakim döyüşü dayandıranda isə kloun kimi şou göstərdi”, - Osmanlı deyib.
Qeyd edək ki, Osmanlı və Akılbek Uulu “TUF 34”ün finalından əvvəl də UFC-nin aktiv döyüşçülər siyahısına daxil edilmişdilər. İdmançıların realiti-şouda iştirakları zamanı da aralarında münaqişə yaranıb. Bu səbəbdən mümkün revanş onların qarşıdurmasının davamı ola bilər.
Hazırda UFC-də daha beş azərbaycanlı döyüşçü – Rafael Fiziyev, Nazim Sadıxov, Tofiq Musayev, Fərman Həsənov və Tahir Abdullayev də çıxış edir.
