UFC-nin yüngül çəki üzrə sabiq çempionu və Şöhrət Zalının üzvü Həbib Nurməhəmmədov “UFC 330” turniri öncəsi komanda yoldaşı İslam Mahaçova irad tutub.
İdman.Biz “MMA Mania”ya istinadən xəbər verir ki, Nurməhəmmədov Mahaçovun mətbuat konfransında gələcək rəqibi İan Qerri ilə danışarkən ona “sus” deməsindən narazı qalıb.
Həbib bildirib ki, irlandiyalı döyüşçü daha əvvəl İslam haqqında hörmətlə danışıb və komanda yoldaşını ona qarşı eyni münasibəti göstərməyə çağırıb.
“İan Qerri onun haqqında çox yaxşı danışıb. Sən isə ona “sus” dedin. Daha mehriban ol, qardaş. Bəzən kimisə xoşlamaya bilərsən. Amma həmin şəxs sənə hörmətlə yanaşırsa, heç olmasa sus. “Sus” demə. Demək istəyirsən ki, sözünün kəsilməsini xoşlamırsan? De ki, sözümü kəsməsin”, - deyə Nurməhəmmədov bildirib.
Qeyd edək ki, İslam Mahaçov və İan Qerri 16 avqustda ABŞ-nin Filadelfiya şəhərində keçiriləcək “UFC 330” turnirinin əsas döyüşündə qarşılaşacaqlar.
37 yaşlı Həbib Nurməhəmmədov peşəkar karyerasını məğlubiyyətsiz başa vurub. O, oktagondan getdikdən sonra da Mahaçov və komandasının digər döyüşçülərinin hazırlığında fəal iştirak edir.
