“Pantera” ləqəbli azərbaycanlı döyüşçü Krasnodarda rusiyalı rəqibini məğlub edib - VİDEO

Xəbərlər
17 Yanvar 2026 11:20
50
“Pantera” ləqəbli azərbaycanlı döyüşçü Krasnodarda rusiyalı rəqibini məğlub edib - VİDEO

“Pantera” ləqəbli azərbaycanlı qarışıq döyüş növləri (MMA) idmançısı Zaur Hacıyev Krasnodarda “Basket-holl” arenasında keçirilən ACA 199 turnirində rusiyalı Vadim Oqar üzərində qələbə qazanıb.

İdman.Biz-in məlumatına görə, döyüş hakimlərin yekdil qərarı ilə Hacıyevin xeyrinə başa çatıb. Hakimlər hər üç raundda eyni hesabla - 30:27 - üstünlüyü azərbaycanlı döyüşçüyə veriblər.

Qeyd edək ki, qarşılaşma yüksək tempdə keçib və epizodların birində Oqar daban burulması fəndi ilə vaxtından əvvəl qələbəyə yaxın olub. Lakin Hacıyev üstünlüyünü qoruyaraq döyüşü qalib qərarla başa çatdırmağı bacarıb.

Onu da əlavə edək ki, 25 yaşlı Zaur Hacıyev üçün bu, ACA turnirləri çərçivəsində ikinci qələbədir. O, bu liqadakı ilk qələbəsini ötən ilin sentyabrında rusiyalı İmam Vitaxanovu boğucu fəndlə məğlub etməklə qazanmışdı. Yüngül çəki dərəcəsində çıxış edən Hacıyev unikal antropometrik göstəricilərə malikdir — onun boyu 185 sm-dir.

Krasnodarda keçirilən ACA turnirinə qayıdaraq qeyd edək ki, gecənin əsas döyüşündə rusiyalı Ramazan Yemeyev həmyerlisi Artyom Frolovu da hakimlərin yekdil qərarı ilə (30:26) məğlub edib.

İdman.Biz