Las-Veqasda keçirilən UFC "Fight Night 263" turniri gərgin qarşılaşmalarla yadda qalıb.
İdman.Biz xəbər verir ki, gecənin əsas döyüşündə amerikalı Stiv Qarsiya ilə Uqandadan olan Devid Onama üz-üzə gəlib.
Döyüş yarımyüngül çəki dərəcəsində baş tutub. Görüşdən öncə Qarsiya reytinq cədvəlində 12-ci, Onama isə 13-cü pillədə qərarlaşmışdı.
Birinci raundun dördüncü dəqiqəsində Qarsiya ardıcıl zərbələr seriyası ilə rəqibini yıxıb. Hakim döyüşə müdaxilə edərək texniki nokaut qərarı verib.
33 yaşlı amerikalı bu qələbə ilə MMA karyerasında 19-cu qələbəsini qazanıb (5 məğlubiyyət) və yeddinci ardıcıl uğurunu rəsmiləşdirib. 31 yaşlı Onamanın aktivində isə hazırda 14 qələbə və 3 məğlubiyyət var.
Qeyd edək ki, turnirin ko-main döyüşündə Dominikan təmsilçisi Valdo Kortes Akosta xorvatiyalı Ante Deliyanı birinci raundda nokauta salıb.
