Qarışıq döyüş növləri (MMA) üzrə turnirlərdə Azərbaycanı təmsil edən Rafael Fiziyevin UFC-yə qayıdacağı tarix bəlli olub.
İdman.Biz xəbər verir ki, bu barədə azərbaycanlı döyüşçünün meneceri Sayat Abdurəhmanov “Uşatayka” “YouTube” kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda Fiziyev zədədən sonra reabilitasiya dövrü keçir və onun növbəti döyüşü gələn ilin əvvəlində baş tuta bilər:
“Bu, Rafel üçün çox yaxşı hekayə ola bilərdi. O, reytinqlərdə irəliləyə, Braziliyada Oliveyraya qarşı əsas döyüşdə qalib gələrək tarixi bir nəticə qazana bilərdi. Təəssüf ki, zədə aldı. Döyüşdən imtina qərarı düzgün idi, əks halda zədə daha da ağırlaşardı və o, uzun müddət sıradan çıxardı. İndi reabilitasiya mərhələsindədir və biz ümid edirik ki, gələn ilin əvvəlində döyüşə biləcək. Əlbəttə, belə döyüşdən kənarda qalmaq istəmirdik, amma qərar tamamilə doğru idi”.
Menecer həmçinin Fiziyevin növbəti rəqibi barədə də fikirlərini bölüşüb:
“UFC-də belə bir siyasət var - reytinqlər o qədər də böyük rol oynamır. Biz istənilən səviyyəli döyüşlə maraqlanırıq. Əgər qarşılaşma ilin ən yaxşı döyüşü adına layiq ola biləcəksə, bu, Rafel üçün əla variantdır. Gözəl qələbələr və təsirli finişlər onu irəli aparacaq. Fiziyevin özü üçün fərqi yoxdur - rəqib ondan reytinqdə yuxarıdır, ya da aşağıda. O, hər kəslə döyüşməyə hazırdır.
Görünür, növbəti rəqib Oliveyra səviyyəsində biri olmayacaq. Məsələn, Bakıda İqnasio Baxamondesə qarşı döyüş çox maraqlı alınmışdı, baxmayaraq ki, çilili idmançı reytinqdə yox idi. Amma o qələbə Rafaya Oliveyra ilə əsas döyüşə çıxmaq imkanı verdi. Əgər növbəti qarşılaşma da Baxamondeslə döyüş kimi maraqlı olsa, biz buna qarşı deyilik. Qələbə qazansa, həm Oliveyra, həm də Meks Hollouey kimi döyüşçülərlə qarşılaşmaq imkanı yarana bilər”.
Xatırladaq ki, Rafael Fiziyev oktyabrın 11 -də Rio-de-Janeyroda keçiriləcək UFC turnirində Çarlz Oliveyra ilə qarşılaşmalı idi. Lakin dizindən aldığı zədə səbəbindən döyüşü təxirə salmalı oldu. Onu polşalı Mateuş Qamrot əvəzlədi, lakin o, braziliyalı rəqibinə uduzdu. Fiziyevin meneceri hesab edir ki, əgər döyüş Rafael ilə Oliveyra arasında baş tutsaydı, nəticə tam fərqli olardı.
Teymur Tuşiyev