Polşanın Pulavi şəhərində keçirilən karatenin Fudokan üslubu üzrə 10-cu dünya çempionatında çıxış edən Azərbaycan yığması parlaq nəticələr əldə edib.
İdman.biz xəbər verir ki, turnirdə komandaya rəhbərlik edən Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi, Fudokan üslubunun rəsmi nümayəndəsi Vüsal Əbdülzadə yarışla bağlı təəssüratlarını bölüşüb.
Federasiyanın mətbuat xidməti onun fikirlərini təqdim edib: “Bizim üçün Polşada keçirilən bu mötəbər turnirdə iştirak etmək və Azərbaycan bayrağını dəfələrlə fəxri kürsüdə qaldırmaq imkanı böyük qürur və eyni zamanda böyük məsuliyyətdir.
Dörd gün ərzində komandamız həm tatamidə, həm də ondan kənarda peşəkarlıq, əzmkarlıq və milli ruh nümayiş etdirdi. Gənc idmançılar xarakter nümayiş etdirərək öz səviyyələrini sübut etdilər ki, bu da gələcəyə ümidimizi daha da artırır”.
Əbdülzadə millinin baş məşqçisi Bəşir Məmmədova xüsusi təşəkkürünü bildirib və onun komandanın uğurunda əməyi olduğunu vurğulayıb: "Məşqçilər heyətinin səbirli və sistemli hazırlığı sayəsində bu gün Azərbaycan fudokanı özünü dünya səviyyəsində inamla bəyan edir. Hər medalın arxasında əzmkarlıq, peşəkarlıq və fədakarlıq dayanır".
Qeyd edək ki, Azərbaycan komandası dünya çempionatında ümumilikdə 9 medal - 5 qızıl, 2 gümüş və 2 bürünc qazanıb.
İdman.biz