Fərid Savadov: "Mənim üçün rəqibin fərqi yoxdur" - FOTO

Müsahibə
18 İyul 2024 16:12
299
Fərid Savadov: "Mənim üçün rəqibin fərqi yoxdur" - FOTO

“Macarıstana qalib gəlmək üçün gəlmişdim. Bunu bacardığım üçün sevincliyəm”.

Bunu İdman.bizin Mişkolts şəhərinə ezam olunmuş əməkdaşına Avropa Universitet Oyunlarında karate yarışlarının qalibi Fərid Savadov deyib.

60 kq-da bütün rəqiblərini məğlub edən Azərbaycan İdman Akademiyasının tələbəsi uğurunu dəyərləndirib. Yeniyetmələr və gənclər arasında iki dəfə Avropa və 1 dəfə dünya çempionu olan 19 yaşlı idmançı bildirib ki, yarış onun üçün çox da çətin keçməyib: “4 döyüşüm oldu. Onlardan ikinicisi - türkiyəli Burak Özdemirlə görüşdən öncə bir qədər həyəcan vardı. Çünki təcrübəli və yaxşı nəticələri olan rəqibdir. Amma gözlədiyim kimi olmadı. Görüş mənim üçün rahat alındı. Yekunda 3:1 hesabı ilə qalib gəldim. Ən çətin döyüş kimi isə yarımfinalda monteneqrolu Matija Boyiçlə mübarizəni fərqləndirərdi. Onunla qarşılaşmaq mənim üçün bir az narahat idi. Amma bu dueldən də üstün ayrıldım. Finalda da yerli Andras Laslonu məğlub edib, qızıl medala yiyələndim”.

Gənclərdən ibarət yığmadan böyüklərə bir qədər öncə keçən 19 yaşlı Savadov uğura gedən yoluna da nəzər salıb: “Böyüklərdə ilk Avropa çempionatımda 5-ci yeri tutdum. Məhz burada medal qazana bilməməyim mənə əlavə ruh yüksəkliyi verdi. İnanıram ki, böyüklərdə də gənclərdə qazandığım titulları əldə etməyi bacaracam. Mənim üçün rəqibin fərqi yoxdur. Bütün döyüşlərə qələbə üçün çıxıram. Rəqibimin təcrübəli, təcrübəsiz və ya titullu, titulsuz olmasına heç vaxt fikir vermirəm”.

Savadov növbəti hədəfini də açıqlayıb. O, oktyabrda 20 yaşadək karateçilər arasında da qızıl medal qazanmaq arzusunda olduğunu bildirib: “Ardınca isə böyüklərdə titulları sıralamaq istəyirəm. Arzum ən yaxşı karateçilərdən biri olmaqdır”.

Qeyd edək ki, Fərid bir qədər sonra başlayacaq komandalar arasında final mübarizəsində də rinqə çıxacaq.

İdman.biz

Məqalədə: