Azərbaycan karateçiləri 7 noyabrda Ər-Riyadda start götürəcək İslam Həmrəyliyi Oyunlarının əsas favoritlərindən hesab olunurlar. Üstəlik, bu yalnız kişilər arasında deyil, qadın karate yarışlarında da belədir.
Üçqat dünya çempionu İrina Zaretska ilə yanaşı, paytaxt Ər-Riyadda milli komandanın digər üzvü Mədinə Sadıqova da çıxış edəcək. Həm yerli karate mütəxəssisləri, həm də yığmanın baş məşqçisi Şahin Atamov ondan böyük gözləntilər içindədirlər. Bəs Mədinə bu ümidləri doğrulda biləcəkmi?
İdman.biz karateçidən bu barədə fikirlərini soruşub.
"İslam Həmrəyliyi Oyunlarında məqsədim - ən azı finala qədər yüksəlməkdir. Doğrudur, bu məqsədə çatmaq çox çətin olacaq, çünki məhz bizim idman növündə iştirak edən ölkələr çox güclüdür. Mən hesab edirəm ki, İslam Həmrəyliyi Oyunlarında qələbə - noyabrın sonunda Misirdə keçiriləcək dünya çempionatındakı uğurun 50 faizidir. Təəssüf ki, mənim 55 kq çəki dərəcəmdə İran, Əlcəzair və elə həmin Misirdən olan karateçilər çox güclüdürlər" - deyə Mədinə Sadıqova bildirib.
O, həmçinin Azərbaycan qadın karate yığmasının uğurlarının yalnız İrina Zaretskadan asılı olması fikrinə də münasibət bildirib:
"Bizim belə bir superulduzumuzun - üçqat dünya çempionumuzun olması pis hal deyil. Mən deməzdim ki, digər qızlar, o cümlədən mən, zəifik. Məsələn, MDB Oyunlarında mən də İrina kimi çempion olmuşam (gülür). İndi isə ən yüksək yerlər uğrunda mübarizə aparmaq niyyətindəyəm! Bundan başqa, komandamızda daha iki-üç qız var ki, onlar da karate sahəsində ciddi uğurlar qazana bilərlər. Sadəcə, öz üzərində işləmək, qısamüddətli nailiyyətlərlə kifayətlənməmək və diqqəti karate xaricindəki şeylərə yayındırmamaq lazımdır. Bax, o zaman bu uğurlar davamlı olacaq" - deyə idmançı vurğulayıb.
Vüqar Vüqarlı
 
         
                         
                         
                         
                         
                         
                         
                     
                     
                     
                    