"Yeniyetmə oğlan cüdoçulardan ibarət Azərbaycan millisinin Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək dünya çempionatında əsas hədəfi medal sıralamasında ilk üç pillədən birini tutmaq olacaq".
İdman.biz xəbər verir ki, bu barədə "Report"a yığmanın baş məşqçisi Emin İskəndərov açıqlama verib.
Mütəxəssis Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilmiş Avropa çempionatındakı nəticələri təkrarlamağa çalışacaqlarını bildirib: "Ümidlərimiz böyükdür. Dünya çempionatının öz abu-havası var. Asiya, Şimali və Cənubi Amerika təmsilçiləri də yarışa qatıldığı üçün rəqabət güclü olacaq. Bir az gərginlik ola bilər. Amma nəticə qazanmağa çalışacağıq. Yarışa 10 idmançı ilə qatıla bilərdik. Lakin 8 cüdoçumuz iştirak edəcək. 66 və 81 kq-da təmsil olunmayacağıq. İdmançılarımız son turnirlərdə özlərini doğrulda bilmədikləri üçün onları səfərə aparmayacağıq".
İskəndərov mundialdakı hədəflərdən söz açıb: "Medal sıralamasında ilk üç yerdən birini tutmaq istəyirik. Tələbimiz və istədiyimiz budur. Amma nəticələri birlikdə görəcəyik. İndidən proqnoz vermək çətindir. Rəqiblərimiz hamısı ölkələrinin bir nömrəli cüdoçularıdır. Güclü rəqabət olacaq. Rusiya və Gürcüstan idmançıları da iddialıdır. Təmsilçilərimizin üz-üzə gələcəyi cüdoçuları təhlil edirik. Bəziləri ilə qitəmiqyaslı yarışlarda qarşılaşıblar. Səhvlərimizin üzərində işləmişik. Turnirə yaxşı hazırlaşmışıq".
Qeyd edək ki, dünya çempionatı avqustun 26-31-i aralığında təşkil olunacaq.
İdman.biz