Üç cüdoçumuz Avropa çempionu olub - FOTO/VIDEO/YENİLƏNİB

Xəbərlər
26 İyun 2025 20:17
118
Üç cüdoçumuz Avropa çempionu olub - FOTO/VIDEO/YENİLƏNİB

Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı start götürüb.

İdman.biz xəbər verir ki, ilk yarış günündə 6 çəki dərəcəsində 9 cüdoçumuz tatamiyə çıxıb.

50 kq çəki dərəcəsində yarışan Anar Quliyev fəxri kürsünün ən yüksək pilləsində yer alıb. O, finalda almaniyalı Yulius Kitanqavaya ipponla qalib gəlib.

Avropa çempionatında Rəsul Əlizadə (55 kq) uğurlu nəticə ilə yadda qalıb. O, finalda Matteo Qualandini məğlub edərək milli komandamızın aktivinə növbəti qızıl medalı yazdırıb.

60 kq çəki dərəcəsində çıxış edən Zeyd Ələsgərov də Avropa çempionatında maksimum nəticəyə imza atıb. O, həlledici görüşdə Gürcüstan təmsilçisi Tsotne İçkitidzeyə tam üstünlüklə qalib gələrək, turnirin çempionu adını qazanıb.

Qızların yarışında isə Gülşən Hüseynova (44 kq) fərqlənib. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Fatma Zehra Mekiyə (Türkiyə) qalib gələrək bürünc medala yiyələnib.

Nərmin Ağamirzəzadə (48 kq) finala kimi bütün rəqiblərinə qalib gəlib. O, həlledici görüşdə Barbara Tvarovskaya (Polşa) uduzaraq, gümüşlə kifayətlənib.

Nərminlə eyni çəkidə yarışan Leyla Ələkbərova isə bürünc şansını qaçırmayıb. Təmsilçimiz gürcü Salome Merkviladzeyə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan millisi yarışda 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) ilə fərdi mübarizədə təmsil olunacaq.

Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.

İdman.biz