Gənclər və idman naziri Fərid Qayıbov eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatının açılış mərasimində çıxış edib.
İdman.Biz xəbər verir ki, nazir bu yarışı ölkəmizdə növbəti idman bayramı kimi dəyərləndirib.
“Bu gün Azərbaycanda növbəti idman bayramı yaşanır. Ölkəmizdə ilk dəfə eşitmə məhdudiyyətli şəxslər arasında cüdo üzrə Avropa çempionatı keçirilir. Azərbaycan həm idmanın ümumi inkişafına, həm də xüsusi qayğıya ehtiyacı olan şəxslərə böyük diqqət yetirir. Ölkəmizdə bütün idman növlərinə dəstək göstərilir, deflimpiya, paralimpiya və xüsusi olimpiya hərəkatları inkişaf etdirilir. İllər ərzində Azərbaycanda müxtəlif idman tədbirləri təşkil olunub.
Bu hərəkatlara qoşulan bütün idmançılar üçün lazımi şərait yaradılıb. Bununla bağlı dövlət başçısının müxtəlif sərəncamları və dövlət qurumlarına müvafiq tapşırıqları var”, - deyə o bildirib.
Fərid Qayıbov Azərbaycanda deflimpiya hərəkatının üç ildir fəaliyyət göstərdiyini və bu müddət ərzində fəal inkişaf etdiyini də vurğulayıb:
“Üç il böyük müddət olmasa da, bu dövrdə artıq 70 yarış təşkil edilib. İdmançılarımız müxtəlif idman növləri üzrə beynəlxalq turnirlərdə uğurla çıxış edərək medallarla Vətənə qayıdıblar. Bugünkü tədbir də Deflimpiya Komitəmizin növbəti uğurudur. Bu münasibətlə komitənin rəhbəri Anar Bayramova, bütün komanda üzvlərinə, yarışın təşkilində əməyi olan hər kəsə və, əlbəttə ki, çoxsaylı könüllülərə dərin təşəkkürümü bildirirəm”.
Nazir çıxışının sonunda yarışda iştirak edən bütün cüdoçulara uğurlar arzulayıb.
Qeyd edək ki, Avropa çempionatında 12 ölkədən 80-ə yaxın güclü idmançının iştirakı gözlənilir. Yarış noyabrın 12-də başa çatacaq.
