İrina Kindzerskayanın adı idman azarkeşlərinə yaxşı tanışdır. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanın yeganə cüdo medalını qazanaraq bürünc mükafata sahib olub. Onun kolleksiyasında dünya və Avropa çempionatlarının, Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunlarının və “Böyük Dəbilqə” yarışlarının medalları da var.
İrina Kindzerskaya İdman.biz-ə müsahibəsi zamanı hazırda həyatı, tatamiyə qayıtmaq ehtimalı və digər məsələlər barədə danışıb.
– İrina, bir müddətdir informasiya məkanında görünmürdünüz. Hazırda nə işlə məşğulsunuz, harada yaşayırsınız?
– Tokio Olimpiadasından sonra bir az istirahət edib karyeramı davam etdirməyi düşünürdüm. Amma Ukraynada müharibə başladığı üçün bu mümkün olmadı. Bakıya qayıtmaq barədə fikrim var idi, lakin mənzilim yox idi. Düşünürdüm ki, Olimpiadada qazandığım bürüncdən sonra mənzil məsələsində kömək edilər, amma maraq göstərilmədi. Mənə legioner kimi yanaşdılar. Halbuki həyat yoldaşım azərbaycanlıdır, bir qızımız var və illərlə Azərbaycanı böyük turnirlərdə təmsil edib layiqli nəticələr göstərməyə çalışmışam. Amma görünür, bu da kifayət etməyib. Orada dəyər verilmədiyini hiss edəndə davam etmək istəmədim. Hazırda ailəmlə birlikdə İtaliyada yaşayıram, övladımın tərbiyəsi ilə məşğulam.
– Azərbaycanlı idmançılarla əlaqə saxlayırsınızmı?
– Əsasən Mariya Stadniklə ünsiyyətim var. Digərləri ilə yaxın təmasda deyiləm, amma qələbə və medallarına görə onları təbrik edirəm.
– Tokio Olimpiadasındakı bürüncdən sonra faktiki olaraq karyeranızı bitirdiniz. Ən çox hansı xatirələr yadınızda qalıb?
– Çoxlu xoş və çətin anlar olub. Amma hər biri nəticə etibarilə müsbət təcrübə qazandırdı. Avropa və dünya çempionatlarının medalları, əlbəttə ki, Olimpiada – bunlar unudulmazdır.
– Cüdonu indi kənardan izləyəndə hansı dəyişiklikləri görürsünüz?
– Mənim fikrimcə, cüdonun səviyyəsi bir qədər zəifləyib. +78 kq çəki dərəcəsində bir çox güclü idmançılar artıq tatamidə deyil. Bəzən bəzi yarışların mükafatçılar siyahısına baxanda təəccüblənirəm. Çünki mənim vaxtımda həmin idmançılar ilk üçlüyə belə düşə bilməzdilər.
– Sizdə idmanda “tamamlaya bilmədiyim bir iş qaldı” kimi hiss varmı?
– Əslində, bütün turnirlərdən medalım var. Amma medal kolleksiyasının keyfiyyətini bir qədər də artırmaq istəyərdim. Amma nə edək belə alındı.
– İki il əvvəl qızınız Amira dünyaya gəldi. Onun da idmana maraq göstərəcəyini düşünürsünüzmü?
– Əgər qızımda həvəs və maraq olsa, əlbəttə dəstəkləyəcəyəm. Bu, onun seçimi olacaq.
– Öz gələcəyinizi necə görürsünüz?
– İdmanda qalmaq istəyirəm. Amma hələ ki, hansı statusda – idmançı kimi, yoxsa məşqçi kimi – dəqiq deyil. Tatamiyə qayıtmaq istəyim var. Dekret müddətində çox darıxmışam, gücüm və motivasiyam artıb.
– Yaxın vaxtlarda Bakıya gəlməyi planlaşdırırsınızmı?
– Əlbəttə, mütləq gələcəyik. Burada valideynlərimiz, yaxınlarımız var. Kimin məni legioner, kimin isə özümüzünkü hesab etməsindən asılı olmayaraq, Bakıda ailəmiz yaşayır və biz onları çox sevirik. Azərbaycan mənim üçün həmişə doğma qalacaq.
Zəki Feyzullayev