Cıdır yarışı zamanı baş verən bədbəxt hadisə idman dünyasında nadir rast gəlinən duyğulu anlara səhnə olub. Təcrübəli jokey Kosei Mura yarışın gedişində atı ilə birlikdə yerə yıxılsa da, öz ağrılarını ikinci plana ataraq nümunəvi davranış nümayiş etdirib.
İdman.Biz xəbər verir ki, qəzadan dərhal sonra ciddi ağrılar içində olmasına baxmayaraq, Mura vaxt itirmədən atının yanına qaçıb. Onun öz canının hayına qalmaq əvəzinə, ilk olaraq heyvanın vəziyyətini yoxlaması həm meydandakı tamaşaçılar, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb.
İdman mütəxəssisləri jokeyin bu hərəkətini heyvanlara olan sevginin və peşəkar məsuliyyətin ən ali nümunəsi kimi xarakterizə ediblər. Hazırda həm jokeyin, həm də atın sağlamlıq vəziyyətinin stabil olduğu bildirilir.
