"Bu gün tapşırıqları istədiyimiz kimi yerinə yetirə bilmədik".
İdman.biz xəbər verir ki, bunu Azərbaycanın kişi həndbolçulardan ibarət "Kür" komandasının kapitanı Ramazan Muradov Avropa Kubokunun III mərhələsində İslandiya təmsilçisi “Haukar” ilə ilk oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, rəqib komanda fiziki cəhətdən üstün idi: "Məhz bu oyuna üç ay hazırlaşmışdıq. Çünki bilirdik ki, ikinci mərhələni keçəndən sonra güclü komanda ilə oynayacağıq. Təəssüf ki, istər müdafiədə, istərsə də hücumda bir çox məqamlar istədiyimiz kimi alınmadı. Sabahkı oyunda inanıram ki, öz gücümüzü göstərəcəyik. Bundan daha yaxşı oynayacağıq. Altı yaxud da daha çox top fərqi ilə oyunu qazanacağıq. Bu gün fiziki problemlərimiz də vardı. Çünki bizim ikinci raunddan sonra hazırlaşmağa çox vaxtımız olmamışdı. Fiziki cəhətdən onlar bizdən üstün idi. İstənilən halda inanıram ki, növbəti oyunu daha yaxşı oynayıb bu mərhələni keçəcəyik".
Qeyd edək ki, oyun "Kür" komandasının 25:30 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Cavab oyunu da sabah Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq.
Aytac Sahəd
İdman.biz