Kişi həndbolçulardan ibarət “Kür” klubunun avrokuboklardakı növbəti oyunlarının vaxtı və yeri dəqiqləşib.
İdman.bizə bu barədə məlumatı Mingəçevir təmsilçisinin direktoru Fuad Yanqildin verib.
O bildirib ki, “Kür” Avropa kubokunun 3-cü mərhələsinin hər iki görüşünü doğma meydanda keçirəcək: “Haukar”la qarşılaşmaların hər ikisi “Kür” Olimpiya İdman-Tədris Mərkəzində keçiriləcək. Bu barədə İslandiya klubu ilə razılıq əldə olunub. Çox güclü komanda ilə qarşılaşacağıq. Öz ölkəsində aparıcı klublardan sayılan “Haukar” qitə miqyaslı turnirlərdə zəngin təcrübəyə malikdir. Dəfələrlə Çempionlar Liqasında oynamış rəqibimiz EHF kubokunun yarımfinalına qədər də irəliləyib. Noyabrın 30-da baş tutacaq görüşdə “Haukar”, ertəsi gün isə “Kür” meydan sahibi sayılacaq. Hər iki matç saat 17:00-da başlayacaq. Rəqibimiz ilk oyundan iki gün əvvəl ölkəmizə gələcək”.
Qeyd edək ki, “Parnassios”u (Kipr) hər iki oyunda məğlub edən (35:31, 32:29) “Kür” avrokuboklarda 3-cü mərhələyə adlamaqla Azərbaycan kişi həndbolu tarixində ilkə imza atıb. Bunadək heç bir klubumuz qitə miqyaslı turnirlərdə belə uğura nail olmayıb.
İdman.biz