Şimali Makedoniya millisinin baş məşqçisi: “Təzyiq altında idik”

Xəbərlər
4 Aprel 2024 12:45
Şimali Makedoniya millisinin baş məşqçisi: “Təzyiq altında idik”

“Çox vacib qələbə qazandıq. Bunun sayəsində Avropa çempionatına vəsiqəni təmin etdik”.

İdman.biz xəbər verir ki, bunu qadın həndbolçulardan ibarət Şimali Makedoniya millisinin baş məşqçisi Kristian Qraçevski deyib.

Təcrübəli mütəxəssis AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycan millisi ilə Bakıdakı görüşü barədə fikirlərini açıqlayıb: “Azərbaycanla qarşılaşmaya yaxşı başladıq. Amma sonra oyunumuzda kiçik eniş oldu. Toparlanmağı bacarsaq da, müəyyən dərəcədə təzyiq altında idik. Qızlarımız lazım olduğu səviyyədə oynadılar, verilən və razılaşdırdığımız tapşırıqları yerinə yetirdilər. Oyuna və döyüşkənliyə görə onları təbrik edirəm. Azərbaycan yığması nisbətən zəif rəqib olsa da, həndbolçularımız görüşə ciddi yanaşdılar. Çünki rəqibə yuxarıdan aşağı baxmağın necə nəticələnə biləcəyini hamımız bilirik. Heyətdəki bütün oyunçulara Bakıda şans verdik və eyni zamanda Litva ilə matça gücümüzü saxladıq”.

Qraçevski seçmə mərhələnin son matçı və AVRO-2024 barədə də danışıb: “Həmin qarşılaşma bizim üçün final mərhələsinə çıxmaq baxımından əhəmiyyət daşımır. Amma evdə qələbə qazanmaq, uğurlu seçmə mərhələni doğma azarkeşlər önündəki qalibiyyətlə tamamlamaq istəyirik. Ümid edirəm ki, final mərhələsinin püşkatmasında bəxtimiz gətirsə, qrupdan çıxa bilərik”.

Qeyd edək ki, Bakıdakı görüşdə Şimali Makedoniya millisi 37:22 hesablı qələbə qazanıb.

İdman.biz

Məqalədə: