“Həndbolumuzun vəziyyəti bizi üzür” - “Kür”ün kapitanından İDMAN.BİZ-ə AÇIQLAMA

11 Oktyabr 2026 19:54
99
“Həndbolumuzun vəziyyəti bizi üzür” - “Kür”ün kapitanından İDMAN.BİZ-ə AÇIQLAMA

Həndbol üzrə EHF Avropa Kubokunda növbəti mərhələyə yüksələn “Kür” komandası son illərdə avrokuboklarda ilk böyük uğurunu qazanıb.

Bunu Mingəçevir təmsilçisinin kapitanı Sabina Smaqina komandasının növbəti mərhələyə vəsiqə qazanmasından sonra İdman.Biz-ə açıqlamasında bildirib.

“Çox xoşbəxtik. Karyeram ərzində ilk dəfədir ki, bu mərhələni keçirəm. Azərbaycan həndbolunun hazırkı vəziyyətini nəzərə alaraq, qələbə qazanmağı xüsusilə istəyirdik. Məqsədimiz həm də bu idman növünün ölkədə inkişafının davam etdirilməsinin vacibliyinə diqqət çəkmək idi. Azərbaycan həndbolunun vəziyyəti hamımızı üzür. Düşünürəm ki, cəmi bir klubun fəaliyyət göstərməsi yaxşı hal deyil. Üstəlik, həndbol Olimpiya idman növüdür. Belə vəziyyətin yaranmasına çox təəssüflənirəm”, - deyə həndbolçu bildirib.

Smaqina ötən mövsüm federasiya tərəfindən maliyyələşmənin dayandırılması səbəbindən Azərbaycan çempionatının yarımçıq qaldığını da xatırladıb. Onun sözlərinə görə, avrokuboklarda uğursuzluq komandanın uzun müddət rəsmi oyunlardan kənarda qalması demək idi:

“Ən çətin məqam da bu idi. Bundan əvvəl də uzun müddət, demək olar ki, yanvarın əvvəlindən oyun keçirmirdik. İndi də digər komandalarla yoxlama görüşlərimiz olmadı, çünki bütün klublar fəaliyyətini dayandırıb. Bizi motivasiya edən yeganə amil bu mərhələni keçərək avrokuboklarda mübarizəni davam etdirmək ümidi idi. Bu qələbələr növbəti mərhələlərdə daha yaxşı nəticələr qazanmaq üçün bizi məşqlərdə daha çox çalışmağa həvəsləndirir”.

Kapitan Azərbaycan həndbolunda mövcud böhrana baxmayaraq, bölgələrdə uşaqlar arasında bu idman növünə marağın artdığını vurğulayıb:

“Klubumuz uşaqlara da həndbol öyrədir. Son dörd ildə məhz Mingəçevirdə həndbol daha populyar olub. Vəziyyət yaxşılığa doğru dəyişib. Bu, təkcə Mingəçevirə deyil, digər bölgələrə də aiddir. Böyüklərdən ibarət komandaların vəziyyətinə baxmayaraq, uşaq həndbolu, əksinə, yüksəliş dövrünü yaşayır”.

Qeyd edək ki, “Kür” Olimpiya İdman Tədris Mərkəzində EHF Avropa Kubokunun ikinci təsnifat mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı iki oyun keçirib. Mingəçevir təmsilçisi hər iki qarşılaşmada 40:18 və 39:13 hesabları ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

“Kür”ün növbəti mərhələdəki rəqibi oktyabrın 13-də keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək. Üçüncü mərhələnin oyunları noyabrın 7-8-də və 14-15-də baş tutacaq.

İdman.Biz