“Kür”ün baş məşqçisi: “Yoxlama oyunlarının olmaması çox pisdir” – İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

10 Oktyabr 2026 20:13
95
“Kür”ün baş məşqçisi: “Yoxlama oyunlarının olmaması çox pisdir” – İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Ölkə çempionatının dayandırılması və Azərbaycan həndbolundakı böhran səbəbindən yoxlama oyunlarının olmaması qadınlardan ibarət “Kür” klubunun EHF Avropa Kubokunun təsnifat mərhələsində Kiprin APOEL komandası ilə görüşə (40:18) başlamasına təsir edib.

Bu barədə “Kür”ün baş məşqçisi Fuad Yanqildin İdman.Biz-ə açıqlamasında bildirib.

“Rəqib avrokuboklarda ilk dəfə iştirak edir, buna görə də onun haqqında məlumatımız az idi. İmkan daxilində ən yaxşı şəkildə hazırlaşdıq. Düzünü desəm, komandadan tam razı deyiləm, çünki oyuna bir qədər çətin başladıq. Buna səbəb yoxlama oyunlarının olmaması idi. Oyunların olmaması çox pisdir. Bu, komandanın mövsümdə ilk oyunu idi. Əvvəldə top itkilərinə yol verirdik, amma sonra toparlandıq və öz oyunumuzu göstərdik”, – deyə o bildirib.

Mütəxəssis sabah “Kür” Olimpiya İdman-Tədris Mərkəzində APOEL ilə keçiriləcək cavab görüşündən gözləntilərini də bölüşüb:

“Sabah gərginlik olmadan sakit oyun gözləyirəm. İstəyirəm ki, komanda sona qədər eyni tempi qoruya bilsin. Bu gün bütün oyunçulara meydana çıxmaq imkanı verdim. Sabah da eyni cür edəcəyəm və hamı oyun vaxtı alacaq”.

Qeyd edək ki, sabah qarşılaşma saat 17:00-da başlayacaq. Qalib iki oyunda vurulan qolların cəminə əsasən müəyyənləşəcək.

İdman.Biz