Qəbələdə bədii gimnastika üzrə “Grace of Nature” turniri keçirilib.
Bu barədə İdman.Biz-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən 20 idman klubundan “Ocaq Sport”, “Grasiya” İdman Klubu, BGM, RKİM, SİS, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, “Dinamo” İdman Cəmiyyəti, Goranboy, Şirvan, Zirə, Naxçıvan, “Mingəçevir-Kür”, Abşeron OİK, Gəncə OİK, Şağan, Hövsan, Gəncə, Göyçay, Sabirabad və Ağdaşdan olan gimnastlar iştirak ediblər.
Turnirdə fərdi proqram üzrə 203 gimnast və 8 qrup hərəkətləri komandası mübarizə aparıb.
Yarışın ilk günündə 2019–2016-ci il təvəllüdlü, ikinci günündə 2016–2013-cü il təvəllüdlü, sonuncu gündə isə 2013–2010-cu il təvəllüdlü gimnastlar çoxnövçülük və ayrı-ayrı alətlər üzrə proqramlarda çıxış ediblər. Uğur qazanan gimnastlar medallarla təltif olunublar.
Qeyd edək ki, “Grace of Nature” turniri gənc gimnastların bacarıqlarını nümayiş etdirməsi, yarış təcrübəsi qazanması və sağlam rəqabət mühitində inkişaf etməsi üçün mühüm əhəmiyyət daşıyır.
