Azərbaycan idmançıları batut gimnastikası üzrə yarışda finala vəsiqə qazanıblar - YENİLƏNİB + FOTO

Xəbərlər
1 Oktyabr 2025 18:22
58
Azərbaycan idmançıları batut gimnastikası üzrə yarışda finala vəsiqə qazanıblar - YENİLƏNİB + FOTO

Şəki Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində batut gimnastikası üzrə yarışlar keçirilir. Yarışın ilk günündə qadınlar və kişilər fərdi proqramda təsnifat mərhələsində çıxış ediblər.

Bu mötəbər turnirdə 7 ölkədən – Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Tacikistan, Rusiya və Belarusdan 43 gimnast mübarizə aparır.

Azərbaycanı qadınların fərdi proqramında Almaniyada dünya rekordunu yeniləmiş Selcan Mahsudova, həmçinin Şəfiqə Hümbətova və Vəfa Əlisultanova; kişilər arasında isə Nicat Mirzəyev, Əli Niftəliyev, Maqsud Mahsudov və Mehdi Əliyev təmsil edirlər.

Təsnifat mərhələsinin nəticələrinə əsasən qadınlar arasında finala Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Belarus və Rusiya gimnastları, kişilər arasında isə Belarus, Rusiya və Azərbaycan idmançıları vəsiqə qazanıblar.

Qeyd edək ki, final mərhələsində ölkəmizi qadınların fərdi proqramında Selcan Mahsudova, komanda yarışlarında isə Selcan Mahsudova, Şəfiqə Hümbətova və Vəfa Əlisultanova; kişilər arasında isə Maqsud Mahsudov, Hüseyn Abbasov və Nicat Mirzəyev təmsil edəcək.

16:18

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının proqramına uyğun olaraq, oktyabrın 1-də Şəki şəhərində batut gimnastikası üzrə yarışlara start verilib.

İdman.biz xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 7 ölkədən (Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan, Türkiyə, Özbəkistan) 45 idmançı mübarizə aparır.

Qadın gimnastlar arasında fərdi proqramda təsnifat yarışlarına artıq yekun vurulub. Yarışda 22 qadın gimnast finala çıxmaq uğrunda mübarizə aparıb. Təsnifat mərhələsində ölkəmizi 3 qadın idmançı – Selcan Mahsudova, Şəfiqə Hümbətova və Vəfa Əlisultanova təmsil ediblər.

İdman.biz