Azərbaycanın FIFA referisi Hikmət Qafarlı Avropa çempionatının final mərhələsi çərçivəsində növbəti təyinatını alıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
Həmyerlimiz B qrupunda keçiriləcək Ukrayna – Litva qarşılaşmasının birinci hakimi olacaq. Ona İngiltərədən Peter Nurs və İtaliyadan Çiara Perona kömək edəcəklər. Qarşılaşma yanvarın 25-də, saat 19:00-da Kaunasdakı 17 500 azarkeş tutumu olan “Jalgiris Arena”da keçiriləcək.
Qeyd edək ki, H.Qafarlının ilk təyinatı yanvarın 22-də həmin arenada keçirilmiş Ermənistan - Ukrayna görüşünə olmuşdu. Həmin oyunda timekeeper funksiyasını yerinə yetirən referi bu dəfə final mərhələsində ilk dəfə meydanda əsas hakim kimi debüt edəcək.
