Azərbaycan Qran-prisi ABŞ-da rekord tamaşaçı auditoriyası qazanıb

Xəbərlər
25 Sentyabr 2025 14:00
70
Azərbaycan Qran-prisi ABŞ-da rekord tamaşaçı auditoriyası qazanıb

“Formula-1 Qatar Airways Azərbaycan Qran-prisi 2025” ABŞ-də yarışın televiziya yayımları tarixində ən populyar mərhələ olub.

İdman.biz xəbər verir ki, “Formula-1”in yayım hüquqlarına uzunmüddətli sahib olan ABŞ telekanalı ESPN rekord tamaşaçı marağı qeydə alıb.

Sentyabrın 21-də keçirilən əsas yarışın canlı yayımı demək olar ki, 1,1 milyon tamaşaçı toplayıb - bu, Azərbaycan Qran-prisi Amerika televiziya tarixində ən yüksək göstəricisidir.

Qeyd edək ki, yarış ABŞ vaxtı ilə səhər saatlarda start götürüb. Əvvəlki rekord 2021-ci ildə 970 min tamaşaçı ilə qeydə alınmışdı, 2024-cü ildə isə bu rəqəm 865 min idi.

Ümumilikdə, 2025-ci ildə ESPN, ESPN2 və ABC kanallarında “Formula-1” yarışlarının televiziya auditoriyası orta hesabla 1,4 milyon nəfər təşkil edir. Bu da ABŞ-da “Formula-1” yayımlarının tarixində ən yüksək nəticədir. Əvvəlki rekord göstərici 2022-ci ildə 1,21 milyon tamaşaçı olmuşdu.

Xatırladaq ki, “Formula-1 Qatar Airways Azərbaycan Qran-prisi” sentyabrın 19–21-də baş tutub. Yarışın qalibi “Red Bull” komandasının pilotu Maks Ferstappen olub.

İdman.biz