2025-ci il mövsümü “Maklaren” üçün olduqca uğurlu keçir: 16 yarışdan sonra Oskar Piastri və Lando Norris 12 qələbə qazanıblar.
İdman.biz xəbər verir ki, Uokingdən olan komanda Konstruktorlar Kubokunda inamla liderlik edir və artıq növbəti mərhələdə – Bakıda titulunu vaxtından əvvəl təmin edə bilər.
Hazırda “Maklaren”in “Ferrari” üzərində üstünlüyü 337 xal təşkil edir, Azərbaycan Qran-prisindən sonra isə ümumi sıralamada 346 xal qalacaq. Çempionluğu rəsmiləşdirmək üçün “Maklaren” pilotları “Ferrari” sürücülərindən ən azı 9 xal çox toplamalıdır.
Bundan əlavə, Bakıda “narıncılar” “Mercedes”ə 12 xaldan, “Red Bull Racing”ə isə 33 xaldan artıq uduzmamalıdırlar. Əgər bütün şərtlər yerinə yetirilərsə, “Maklaren” mövsümün sonuna 7 yarış qalmış Konstruktorlar Kubokunun sahibi olacaq.
Bu, 2023-cü ildə 6 mərhələ qalmış titulunu təmin edən “Red Bull”un rekordunu üstələmək deməkdir.
İdman.biz