"Formula - 1" Azərbaycan Qran-Prisinin 2026-cı il yarış həftəsonunda Bakı Şəhər Halqasında hər şey saniyələrlə ölçülür. Bolidlər yüksək sürətlə dövrələri tamamlayır, tribunalar dolur, azarkeş axını davam edir. Bütün bu prosesin içində isə təxminən 2 min könüllü öz işini yerinə yetirir.
İdman.Biz xəbər verir ki, könüllüləri trekin müxtəlif hissələrində görmək mümkündür. Onlar azarkeşlərin doğru istiqamətə getməsinə kömək edir, qonaqları qarşılayır, məlumatlandırma məntəqələrində çalışır və yarışın təşkilati proseslərinə dəstək verirlər.
Bu komandanın bir hissəsi olmaq istəyənlərin sayı da ildən-ilə artır. Bu il cəmi 72 saat ərzində 49 min müraciət daxil olub. Son 10 ildə isə 20 mindən çox könüllü Bakıda keçirilən "Formula - 1" yarışlarının bir hissəsinə çevrilib.
Beləliklə, "Formula - 1" yalnız pilotlar və bolidlərdən ibarət deyil. Yarışın hər anında onun arxasında böyük bir komanda dayanır.
