Hemiltonu mövsümün sonunadək cəza gözləyir

25 Sentyabr 2026 10:37
82
Hemiltonu mövsümün sonunadək cəza gözləyir

“Formula-1”də “Ferrari”nin pilotu Lyuis Hemilton mövsümün qalan hissəsində start düzülüşündə yer itirməsi ilə nəticələnəcək mühərrik cəzası ala biləcəyini istisna etməyib.

İdman.Biz xəbər verir ki, yeddiqat dünya çempionu əlavə güc qurğusu elementlərindən istifadəyə ehtiyac yaranacağı təqdirdə cəzanın qaçılmaz ola biləcəyini bildirib.

“Ferrari” hazırda pilotlarının mühərrik ehtiyatını mövsümün son hissəsi üçün planlaşdırır. Şarl Lekler üçün yeni güc qurğusundan istifadə ilə bağlı cəza məsələsi artıq gündəmdədir. Komandanın Hemilton üçün də ayrıca əlavə mühərrik istifadəsini nəzərdən keçirdiyi bildirilir.

Hemilton bununla bağlı qərarın hələ verilmədiyini vurğulayıb. Britaniyalı pilotun mümkün cəzanı hansı Qran-pridə çəkəcəyi mühərriklərin yürüşündən və texniki vəziyyətindən asılı olacaq.

Məlumata görə, “Ferrari” Hemilton üçün Ostin, Mexiko və ya İnterlaqos mərhələlərindən birini nəzərdən keçirə bilər. Komandanın əsas məqsədi iki pilotun mühərrik cəzalarını eyni yarışa salmamaq və Konstruktorlar Kubokunda mümkün qədər az xal itirməkdir.

Qeyd edək ki, 2026-cı il mövsümündə güc qurğusunun icazə verilən sayından artıq elementindən istifadə edən pilot start düzülüşündə yer itkisi ilə cəzalandırılır.

İdman.Biz