“Formula-1” üzrə dünya çempionatında mübarizə aparan “Cadillac” komandasının pilotları Azərbaycan Qran-Prisindən gözləntilərini bölüşüblər.
İdman.Biz “Cadillac”ın rəsmi saytına istinadən xəbər verir ki, komanda Azərbaycan Qran-Prisində uğurlu nəticə göstərməyə ümid edir.
Komandanın pilotu Serxio Peres Bakı Şəhər Halqasının onun üçün uğurlu traslardan biri olduğunu söyləyib. Meksikalı sürücü 2021 və 2023-cü illərdə Azərbaycan Qran-Prisinin qalibi olub, 2016, 2018 və 2022-ci illərdə isə podiuma qalxıb.
“Madriddəki yarışımız avtomobili finişə çatdırmalı olduğumuz ana qədər çox yaxşı keçirdi. Düşünürəm ki, bu, mövsüm ərzində ən güclü çıxışımız idi. İndi yenidən trasa çıxmaq və bu həftəsonu həmin nəticəni təkrarlamağa çalışmaq istəyirəm. Bakı əvvəllər uğur qazandığım traslardan biridir. Ümid edirəm ki, sərbəst yürüşlərdə yaxşı ritm əldə edərək komandanın layiq olduğu nəticəni qazana biləcəyik”, - deyə Peres bildirib.
Valtteri Bottas da Bakı trasının xüsusiyyətlərinin pilotlardan yüksək dəqiqlik tələb etdiyini qeyd edib. Finlandiyalı sürücü 2019-cu ildə Azərbaycan Qran-Prisinin qalibi olub, 2017-ci ildə ikinci yeri tutub və 2018-ci ildə ən sürətli dövrəyə imza atıb.
“Azərbaycanda yarış həftəsi həmişə hadisələrlə zəngin olur. Bakı "Formula-1"də ən uzun düz yola malikdir, lakin bu, trasın digər hissələrinin yüksək texniki xüsusiyyətlərini kölgədə qoymur. Burada sükan və qaz pedalından istifadə zamanı çox dəqiq olmaq, trasda ilişmənin aşağı səviyyədə olduğunu və divarların çox yaxın yerləşdiyini daim nəzərə almaq lazımdır. Bütün bunları düzgün yerinə yetirdikdə Bakı trası sizi mütləq mükafatlandırır. Bakı ilə bağlı gözəl xatirələrim var. 2019-cu ildə burada qalib gəlmişəm və buna görə də bu şəhərə qayıtmaq mənim üçün həmişə xüsusi və xoşdur”, - deyə Valtteri Bottas bildirib.
“Cadillac” komandasının rəhbəri Marsin Budkovski isə bildirib ki, Azərbaycan Qran-Prisi cəmi 10 il ərzində həyəcanlı və dramatik yarışları ilə Formula 1 təqvimində özünəməxsus mövqe qazanıb. Onun sözlərinə görə, komandanın heyətində Bakı Şəhər Halqasını yaxşı tanıyan iki pilotun olması əlavə üstünlükdür.
“Cadillac” komandası Azərbaycan Qran-Prisində bolidin kiçik aerodinamik yeniliklərini sınaqdan keçirəcək. Komanda bu yenilikləri sərbəst yürüşlər zamanı dəyərləndirəcək. Bundan əlavə, Serxio Peres Bakı yarışında yeni spesifikasiyalı “Ferrari” güc qurğusundan istifadə edəcək.
Qeyd edək ki, “Formula-1” Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da keçiriləcək.
