“Formula-1” üzrə Azərbaycan Qran-prisi ərəfəsində bukmeykerlər çempionatın lideri Kimi Antonellini əsas favorit hesab edirlər. Lakin “Stake” platformasının analitikləri Bakıdakı yarışın qalibi ilə bağlı fərqli proqnoz veriblər.
İdman.Biz xəbər verir ki, “Formula-1”in rəsmi saytı qarşıdakı Bakı mərhələsi ilə bağlı bukmeykerlərin gözləntilərinə həsr olunmuş xüsusi material dərc edib. Azərbaycan Qran-prisi sentyabrın 26-da “Baku City Circuit” şəhər trasında keçiriləcək.
Hazırda qələbəyə ən yüksək şans Kimi Antonelliyə verilir. “Mercedes” pilotunun qalib gəlməsinə “Stake” 2,25 əmsal müəyyənləşdirib. İkinci pillədə “McLaren”in pilotu Lando Norris – 5,00, üçüncü yerdə isə onun həmyerlisi Corc Rassell – 7,00 qərarlaşıb. Şarl Leklerə 8,00, Maks Ferstappen və Lyuis Hemiltona isə 9,00 əmsal verilib.
Komandaların qalib gəlmə ehtimallarına görə də “Mercedes” aşkar favoritdir. Almaniya komandasının pilotlarından birinin yarışda qalib gəlməsinə 1,72 əmsal təyin olunub. “McLaren” 4,00, “Ferrari” 4,25, “Red Bull” isə 8,00 əmsalla sıralanır.
Bununla belə, “Stake” analitiklərinin birbaşa proqnozu bukmeykerlərin sıralamasından fərqlənir. Antonellinin əsas favorit hesab edilməsinə baxmayaraq, platformanın mütəxəssisləri Bakı yarışında qələbəni Norrisə proqnozlaşdırırlar.
“Stake”in Azərbaycan Qran-prisinin podiumu ilə bağlı proqnozu:
Lando Norris – “McLaren”
Kimi Antonelli – “Mercedes”
Corc Rassell – “Mercedes”
“Stake” Norrisin seçilməsini onun son çıxışları ilə əlaqələndirir. Britaniyalı pilot İspaniya Qran-prisində poul mövqeyindən start götürərək yarışa liderlik edib. Lakin virtual təhlükəsizlik avtomobili rejiminin tətbiqindən sonra liderliyi əldən verib. Qələbəni Antonelli qazanıb, Norris isə yarışı üçüncü pillədə başa vurub. Analitiklər həmçinin “Baku City Circuit”in xüsusiyyətlərinin “McLaren” bolidinə uyğun ola biləcəyini düşünürlər.
Bakı trasının xüsusiyyətləri də proqnozda xüsusi vurğulanır. Şəhər trası dar və texniki cəhətdən mürəkkəb hissələrlə yanaşı, yüksək sürətli bölmələri də özündə birləşdirir. 16-cı döngədən sonra təxminən 2,2 kilometr uzunluğunda düz xətt başlayır. Məhz bu hissəyə görə Bakıda “Formula-1” təqvimində ən yüksək sürətlərdən bəziləri qeydə alınır. Bu isə komandaları yerəbasma qüvvəsi, aşağı aerodinamik müqavimət, yol tutumu və əyləc effektivliyi arasında optimal balans axtarmağa məcbur edir.
Proqnozda həmçinin Bakıda poul mövqeyinin qələbəyə zəmanət vermədiyi qeyd olunur. 16-cı döngədən birinci döngəyədək uzanan uzun düz xətt slipstrim hesabına ötmələr üçün əlverişli imkan yaradır. Digər mühüm amil isə təhlükəsizlik avtomobilinin trasda görünmə ehtimalıdır. “Stake”in məlumatına görə, Bakıdakı yarışların yarıdan çoxunda “Safety Car” trasda olub. Buna görə də qəza və ya təhlükəsizlik avtomobilinin uyğun məqamda meydana çıxması yarışdakı güc nisbətini ciddi şəkildə dəyişə bilər.
Antonelli Azərbaycan Qran-prisinə 292 xalla yarışın lideri kimi gəlir. Rassell 211 xalla ikinci, Hemilton 191 xalla üçüncü, Norris isə 186 xalla dördüncüdür. “Mercedes”in italiyalı pilotu son iki mərhələdə – Monza və Madriddə keçirilən yarışlarda qələbə qazanıb.
Son beş Azərbaycan Qran-prisində üç fərqli pilot qalib olub. Serxio Peres 2021 və 2023-cü illərdə, Maks Ferstappen 2022 və 2025-ci illərdə, Oskar Piastri isə 2024-cü ildə Bakıda finiş xəttini birinci keçib.
Qran-prinin yarış həftəsonu sentyabrın 24-dən 26-dək Bakıda keçiriləcək. Təsnifat turu sentyabrın 25-də saat 16:00-da, əsas yarış isə sentyabrın 26-da, şənbə günü saat 15:00-da başlayacaq. Pilotlar uzunluğu 6,003 kilometr olan trasda 51 dövrə vuracaqlar.
