Avstraliya Qran-prisi 2027-ci il “Formula 1” mövsümünün açılış yarışının təxirə salınması və ya ləğv edilməsi halında Bəhreyn mərhələsini əvəz edə bilməyəcək.
İdman.Biz xəbər verir ki, Avstraliya Qran-prisi Korporasiyasının rəhbəri Trevis Old yarışın tarixinin artıq aprelin 1-dən 4-dək müəyyənləşdirildiyini bildirib.
“Bizim tariximiz artıq təsdiqlənib – 1 - 4 aprel. Aydındır ki, arxamda müəyyən tikinti müddətləri olan nəhəng obyekt tikilir. Ona görə də biz demək olar ki, 1 - 4 aprel tarixlərinə bağlıyıq. Düşünürəm ki, indi bu tarixi dəyişmək bizim üçün çətin olardı”, - deyə Old vurğulayıb.
“Formula 1”-in hazırkı təqviminə əsasən, Avstraliya Qran-prisi aprelin 2-dən 4-dək keçiriləcək və Bəhreynlə Səudiyyə Ərəbistanı mərhələlərindən sonra mövsümün üçüncü yarışı olacaq.
Yaxın Şərqdəki qeyri-sabit vəziyyət səbəbindən Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prilərinin keçirilməsi ilə bağlı suallar yaranıb.
Daha əvvəl bu iki mərhələnin ləğv edilməsi və ya təxirə salınması halında Avstraliya, Yaponiya və Çin Qran-prilərinin daha erkən tarixə keçirilməsi ehtimalı nəzərdən keçirilib.
