“Red Bull” komandasının fransalı pilotu İsak Hacar Formula-1 üzrə ikinci yarışı da zədə səbəbindən buraxacaq.
İdman.Biz BBC-yə istinadən xəbər verir ki, biləyindən zədə alan 21 yaşlı pilotun bərpa prosesi davam etdiyi ücün komanda onun yarışa qayıtması ilə bağlı risk etmək istəmədiyini açıqlayıb.
İtaliya Qran-prisində Hacarı “Red Bull”da Liam Louson əvəzləyəcək. Yeni zelandiyalının yerinə isə “Racing Bulls”da yaponiyalı Yuki Tsunoda çıxış edəcək. Eyni heyət əvvəlki Niderland Qran-prisində də mübarizə aparıb.
Hacar zədəsini boks məşqi zamanı alıb.
Qeyd edək ki, “Red Bull”un digər pilotu dördqat dünya çempionu Maks Ferstappendir. Hacarın bu mövsüm ən yaxşı nəticəsi Monako Qran-prisində dördüncü yer olub. O, ümumi sıralamada səkkizinci pillədə qərarlaşıb.
Monza Qran-prisi sentyabrın 6-da keçiriləcək.
