"Formula-1"də “Red Bull” komandasının pilotu Liam Louson Zandvortda keçirilən sprint sıralamasının son hissəsinə vəsiqə qazana bilməməsini məyusedici adlandırıb.
İdman.Biz xəbər verir ki, Louson Niderland Qran-prisi öncəsi gözlənilmədən “Red Bull”un əsas heyətinə qaytarılıb. Buna komandanın pilotu İsak Hacarın biləyindən zədə alması səbəb olub. Yeni zelandiyalı sürücü Maks Ferstappenlə sonuncu dəfə ötən il Çin Qran-prisində komanda yoldaşı kimi çıxış edib.
Louson RB22 bolidinə tez uyğunlaşıb və sərbəst yürüşlərdə sabit dövrə vaxtları göstərib. O, sprint sıralamasının ilk hissəsində hətta Ferstappendən daha sürətli olub.
Lakin SQ2-də gözlənilən irəliləyişi göstərə bilməyən pilot sprint yarışına 11-ci yerdən başlamaq hüququ qazanıb.
“Düzünü desəm, nə baş verdiyini tam bilmirəm. Gün maraqlı keçdi. Adətən sıralama irəlilədikcə nəticəni yaxşılaşdırırsan. Biz SQ1-ə yaxşı başladıq, amma sonradan digərləri qədər inkişaf edə bilmədik. Bunu araşdıracağıq. Bu gün öyrənəcəyimiz çox şey var. Amma ümumilikdə boliddə özümü yaxşı hiss edirəm. Sıralama zamanı da rahat idim və növbəti mərhələyə keçəcəyimizi düşünürdüm. Buna görə təəssüf edirəm”, - Louson bildirib.
